"Rusiya demək istəyir ki, dini amillərdən də istifadə edə bilərəm"

 17:46 30.10.2023     657

"Mahaçqala, Çeçenistan müsəlmanların Rusiyada ən çox yaşadığı ərazilərdən biri hesab olunur və dini baxımdan da nisbətən radikallıq orada daha yüksəkdir. Bu baxımdan Mahaçqalada baş verən hadisəni mən də kənar qüvvələrdən daha çox orada yaşayanların özlərinin dini nöqteyi-nəzərindən yanaşdığını düşünürəm. Düzdür, Rusiya prezidentinin mətbuat katibi Peskov da açıqlama verdi ki, Ukraynanın burada əli var. Birincisi, Rusiyanın özü Qərbdən fərqli olaraq Fələstin məsələsində fərqli mövqe tutdu. İsraillə münasibətləri münaqişəyə qədər yaxın olsa da, indi artıq gərgin münasibətlər var".

Bu sözəri Redaktor.az-a açıqlamasında politoloq Samir Hümbətov Dağıstanın paytaxtı Mahaçqalada baş verən izdihamı şərh edərkən deyib.

Onun sözlərinə görə, hətta Rusiya səfirinin Tel-Əvivdən çağırılması ilə bağlı məlumat da yayılıb:

"Rusiya tərəfi bunu etməklə mesaj vermiş oldu ki, baxın, biz yeri gələndə fərqli mövqe tuta bilərik. Bu, onu göstərir. Həm də bir tərəfdən nəzərə almaq lazımdır ki, qeyd etdiyim kimi, dini amillər də var. Yəni Rusiya demək istəyir ki, bu gücümdən, dini amillərdən də istifadə edə bilərəm. Kənar müdaxilə deyəndə, burda indi Ukraynanın adını çəkirlər. Ukraynanın başı içindəki müharibəyə qarışıbsa, bunu edə biləcək potensialı varmı? Məsələ bundan gedir. Əlbəttə ki, Ukrayna bu gün öz daxilində olan müsəlman topluluğunu əldə saxlamağa çalışır, nəinki Rusiyanın Dağıstan bölgəsində, hansı ki, ora ən həssas bölgələrdən biri sayılır. Rusiya-Ukrayna müharibəsində də Dağıstandan çoxlu iştirak ediblər. Ona görə təbii ki, Rusiya bunu boynuna almayacaq, əksinə çalışacaq ki, bunu başqa kənar güclərin təsiri olduğunu ifadə etsin. Amma hadisələrin gedişi və hava limanının belə tutulması asan məsələ deyil. Deməli, ona hansısa şərait yaradılıb. Ona görə də orada baş verənlər, məncə, Putin administrasiyasının müəyyən mənada təsiri və nəzarəti altında baş verən hadisələrdir".

Qeyd edək ki, ötən gün bir neçə yüz nəfərdən ibarət qrup antisemit şüarları ilə Mahaçqala hava limanının uçuş-enmə zolağına çıxıb. Məlumata görə, hava limanı yaxınlığında yerli sakinlərdən ibarət böyük izdiham toplaşaraq yəhudilərin respublika ərazisindən çıxarılmasını tələb ediblər. Kütlə bütün avtomobilləri saxlayaraq axtarış aparıb.

Həmidə İBRAHİMLİ