Türkiyə HƏMAS-İsrail müharibəsinə qoşula bilərmi? - Politoloqdan AÇIQLAMA

 14:06 31.10.2023     469

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Atatürk Hava Limanında keçirilən “Böyük Fələstin Mitinqi”ndə çıxışında İsraili sərt tənqid edib.

O, bəyan edib ki, Qərb dünyası Qəzzada uşaq, qadın və günahsız insanların qətliamını qanuniləşdirmək üçün siyasətçiləri və mediasını səfərbər edib və İsrail açıq-aşkar müharibə cinayətləri törədir.

"Qəzzada müdafiə yox, açıq, alçaq bir qətliam həyata keçirilir, onlar Qəzza xalqını ac, susuz, səhiyyə xidmətlərini çökdürərək kütləvi şəkildə məhv etməyə can atırlar. Qərb öldürməyi bilənlərdir. Onlar qaz otaqlarında yəhudiləri kütləvi şəkildə məhv edir, əhalisi olan şəhərləri atom bombaları ilə xəritədən silirdilər. İnşallah, zalımların Fələstin xalqının həyatından silinəcəyi günü görəcəyik. Zalımın zülmü əbədi deyil. İsrail, türk millətinin şəfqət duyğularını öz boyunuzdan, ürəyinizdən kənar boş sözlərlə və rəftarla azaltmayın. İsrailin insanları öldürməkdən zərrə qədər narahatlığı yoxdur. Onlar açıq-aydın deyirlər ki, biz öldürməyi bilirik, amma bunun əvəzini çox ağır ödəyəcəksən" -  deyən Türkiyə lideri İsrailin PKK və FETÖ-nün arxasında olduğunu da bildirib.

Maraqlıdır, Ərdoğan İsraili niyə bu qədər sərt tənqid edir? Türkiyə hazırda davam edən HƏMAS-İsrail münaqişəsinə qoşula bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Sədrəddin Soltan qeyd etdi ki, Türkiyə Fələstini bütövlükdə tanıyır.

Onun sözlərinə görə, Türkiyə Fələstini bölünmüş, parçalanmış hissə kimi tanımır:

"Türkiyə Fələstinə münasibəti 1947-ci ildə bildirib. Sonra 1992-ci ildə də Fələstin dövlətini tanıyıb. 1947-ci ildə BMT-də iki sənəd çıxarılmışdı. Onlardan biri Fələstinin iki yerə bölünməsi, yəni İsrail və Fələstin adında iki dövlətin yaradılması idi. O biri isə bütöv Fələstin dövlətinin yaradılması idi. Türkiyə ikinci layihənin tərəfdarı olan dövlətlərdən oldu. Ona görə Türkiyənin Fələstin-İsrail münasibətlərinə münasibəti, yanaşması yeni deyil, ənənəvi yanaşmadır. Az qala 80 ilə yaxın yaşı var. Türkiyə regionunun aparıcı dövlətlərindəndir, həm İsraillə münasibətləri var, həm Fələstinlə münasibəti var. Hər ikisində də səfirləri var. Türkiyə regionda atılan ədalətsiz addımlara, haqsızlığın müdafiə olunmasına dözmür və rəsmi Ankara HƏMAS-ın İsrailə hücumunu ədalətli sayır".

Politoloq onu da qeyd etdi ki, Rəcəb Tayyib Ərdoğan hakimiyyətə gələndən sonra Fələstinin HƏMAS təşkilatını terrorçu təşkilatı kimi tanımır və eləcə də HƏMAS-la əlaqələri genişləndirib:

"Hətta HƏMAS-ın lideri İsmayıl Həniyyənin Türkiyəyə səfəri, Ərdoğanla görüşləri olub. Hətta deyilənə görə, İsmayıl Həniyyə indi də Türkiyə ərazisindədir və bunun nə qədər dərəcədə doğru olduğunu deyə bilmərəm. Amma Türkiyə ərazisində olduğuna dair xəbərlər var. Başqa bir tərəfdən Türkiyə ərazisində xeyli sayda ərəb kökənli qaçqınlar var. Türkiyənin ərəb əhalisi var. Türkiyədə ənənəvi Fələstinə sevgisi olan insanlar yaşayır və HƏMAS-İsrail münasibətlərinin bir tərəfində Amerika Birləşmiş Ştatları olduğundan Türkiyədə həm də Amerika Birləşmiş Ştatları əleyhinə olan insanlar var. Onlar ABŞ-ın əleyhinə niyə çıxırlar? Çünki ABŞ Türkiyənin ərazi bütövlüyünü pozmağa, təhlükəsizliyini təhdid edən terrorçu PKK-nı, eləcə də onun Suriyadakı qolları, YPG və PYD-ni dəstəkləyir. Ona görə Türkiyənin münasibəti, təkcə Fələstin-İsrail münasibəti, HƏMAS-İsrail münasibəti deyil, eyni zamanda bu məsələnin arxasında dayanan qüvvələrə etirazıdır ki, terrorçuluğu dəstəkləyirsiniz, onda PKK-ya qarşı niyə mübarizə aparmırsız? HƏMAS terrorçudursa, onda PKK da terrorçudur. Niyə PKK-ya yardım edirsiniz, amma HƏMAS-ı pisləyirsiniz? Deməli, terrorçuları ikiyə bölmək lazım deyil. Terrorçu varsa, o, hər yerdə eynidir, hər yerdə cinayətkardır, hər yerdə dinc əhalini qıran və cinayətlər törədən qruplaşmadır. Türkiyənin bu məsələyə yanaşmasının bir tərəfi də budur".

Türkiyənin perspektivdə HƏMAS-İsrail münaqişəsinə qoşulması, yaxud regionda hərbi əməliyyatlar genişlənərsə, iştirakı məsələsinə gəlincə, Sədrəddin Soltan hesab edir ki, bu ehtimal çox azdır.

"Türkiyə bu əməliyyatlara, yəni bu müharibəyə o halda qoşula bilər ki, onun ərazisi, təhlükəsizliyi təhdid olunur. Nə qədər ki, Türkiyənin ərazi bütövlüyü, təhlükəsizliyi təhdid olunmur, Türkiyə bu münaqişəyə, bu qarşıdurmaya qoşulmayacaq. Mövcud şərtlər daxilində hərbi əməliyyatların genişlənəcəyi və Türkiyə sərhədlərinə qədər gəlib çıxacağı ehtimalı çox azdır. Ona görə də perspektivdə Türkiyənin bu münaqişəyə qoşulması da hələ ki, mümkünsüzdür", - deyə politoloq vurğuladı.

Həmidə İBRAHİMLİ