"Azərbaycanın formalaşdırdığı reallıqlar Paşinyanı məhz bu prinsiplərə istinad etməyə məcbur edir" - AÇIQLAMA

 17:36 31.10.2023     582

Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 30-da parlamentin iclasında deyib ki, Azərbaycanla razılaşdırılmış 3 əsas sülh və nizamlanma prinsipi var və əgər bu prinsiplərə əməl olunsa, sülh müqaviləsinin imzalanması reallığa çevriləcək.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu bildirdi ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən dərhal sonra Ermənistana sülh şərtlərini təqdim edib.

Onun sözlərinə görə, Ermənistan da Azərbaycan tərəfinin bu sülh şərtlərini aldığını təsdiq edib:

"Azərbaycanın irəli sürdüyü əsas şərt ondan ibarət idi ki, tərəflər bir-birlərinin ərazi bütövlüyünü tanısın. Ermənistan Azərbaycana qarşı ərazi iddialarından əl çəksin. Paşinyanın bu gün davamlı olaraq elə səsləndirdiyi fikir də əsasən ondan ibarətdir. Yəni sadəcə Paşinyan rəqəmlərlə bunu səsləndirir ki, Ermənistan Azərbaycanın 86,6 min kvadrat kilometr, Azərbaycan isə Ermənistanın 29,8 min kvadrat kilometr çərçivəsində ərazi bütövlüyünü tanıyır. Paşinyanın dediyi əsas prinsiplərdən biri bundan ibarətdir. Bunu da qeyd etmək lazımdır ki, bu il Azərbaycanın, yəni tərəflərin qarşılıqlı şəkildə bir-birilərinin ərazi bütövlüyünün tanınması ilə bağlı irəli sürdüyü şərtlərdən biri idi. Sonra isə bildiyimiz kimi, 1991-ci il Alma-Ata deklarasiyasına istinad olunma məsələsidir. Həmin deklarasiyada göstərilir ki, keçmiş ittifaq respublikaları SSRİ-nin vaxtındakı sərhədləri ilə öz müstəqilliyinə qovuşurlar. Yəni SSRİ-nin vaxtındakı sərhədlər saxlanılır. Paşinyanın istinad etdiyi ikinci prinsip də bundan ibarətdir. Məhz Alma-Ata deklarasiyası əsasında sərhədlərin delimitasiyasının, demarkasiyasının aparılmasını təklif edib. Yenə də bunu da qeyd etmək lazımdır ki, bu da Azərbaycanın vaxtı ilə tələbi idi. Düzdür, ondan sonra məhz konkret olaraq Alma-Ata prinsipinə istinad olunması məsələsi Avropada səsləndirilmiş oldu".

Deputat onu da qeyd etdi ki, Azərbaycan sərhədlərin delimitasiyasının, demarkasiyasının aparılması təşəbbüslərini hər zaman səsləndirib və bu istiqamətdə addım atmağa hazır olduğunu nümayiş etdirib:

"Mahiyyət etibarilə bütün bunlar göstərir ki, Azərbaycanın formalaşdırdığı reallıqlar Paşinyanı məhz bu prinsiplərə istinad etməyə məcbur edir. Yəni bunlar bizim üzərində dayandığımız başlıca sülh prinsipləridir. Sərhədlərin delimitasiyasının, demarkasiyasının aparılması, ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından əl çəkməsidir. Bundan başqa üçüncü prinsip də var. Deməli, regionda kommunikasiyaların açılması ilə bağlıdır və görünən reallıq ondan ibarətdir ki, Avropa bu istiqamətdə Paşinyana xüsusilə ehtiyatla davranmağı tövsiyə edib. 2020-ci il 10 noyabr tarixində imzalanmış birgə Bəyanatın doqquzuncu bəndində göstərilir ki, Azərbaycanın qərb rayonları ilə, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə nəqliyyat əlaqəsinin qurulması təmin edilsin. Yaradılacaq koridora da Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidməti nəzarəti həyata keçirəcək. Paşinyanın səsləndirdiyi prinsiplər ondan ibarətdir ki, kommunikasiyalar bərabərlik və qarşılıqlıq əsasında yaradılsın, hər bir ölkənin ərazisindəki kommunikasiya o ölkələrin qanunvericiliyinin təsiri altında fəaliyyət göstərsin. Yəni Paşinyan razı deyil ki, onun ərazisindən keçən kommunikasiyaya Rusiya nəzarət etsin, daha doğrusu Paşinyana bu təlimat da Qərbdən gəlir. Paşinyan bunu Tiflisdə də səsləndirdi ki, hər bir ölkə öz ərazisindən keçən kommunikasiya xətlərini özü nəzarəti həyata keçirsin. Bunu da Rusiyaya rəğmən səsləndirir".

E.Mirbəşiroğlu onu da vurğuladı ki, mahiyyət etibarı ilə Azərbaycan həm ərazi bütövlüyünün tanınması, sərhədlərin delimitasiyasının, demarkasiyasının aparılması, nəqliyyat kommunikasiyasının açılması, iqtisadi layihələrin həyata keçirilməsi kimi məsələlərdə hər zaman təşəbbüskar rolunda çıxış edib.

"Lakin Ermənistan tərəfi sadəcə olaraq mövqe bildirməklə kifayətlənib və bu günə qədər sülh sazişinin imzalanmamasının səbəbkarı məhz Ermənistandır. Azərbaycan prezidenti qeyd edib ki, Ermənistan öz mövqeyini rəsmi şəkildə kağız üzərində bildirməlidir. Ona görə də Azərbaycanın irəli sürmüş olduğu şərtlər əsasında məhz hansı ki, Paşinyanın istinad etdiyi prinsiplər belə, şərtlərdə öz əksini tapıb. Üçüncü prinsipdən başqa. Amma burada nüanslar var. Birincisi, Qərb dediyim kimi, Ermənistanın ərazisindən keçən kommunikasiya xətlərinə Rusiyanın nəzarətini istəmir, ona görə razılaşmanın imzalanmasını ləngidə bilər. Digər məqam isə ondan ibarətdir ki, Ermənistan da, Qərb də çalışır ki, hər hansı bir sənəd imzalanacaqsa, o, Avropada imzalansın. Bunu da özlərinin gələcək təsir imkanları kimi görürlər və bu amillər razılaşmanın imzalanmasına imkan vermir. Əsas burada günahkar tərəf məhz Ermənistandır ki, o özü müstəqil qərar verə bilmir",- deyə deputat qeyd etdi.

Həmidə İBRAHİMLİ