"Bütün hallarda bu müqaviləni imzalamağa ən maraqlı tərəfik" - Fazil Mustafa

 18:28 31.10.2023     581

"Üç əsas prinsipin nədən ibarət olduğu təbii ki, daha dəqiq anlaşılmalıdır. İndi Azərbaycan hökumətinin xüsusi bu məsələ ilə məşğul olan strukturları var. Ayrı-ayrı, məsul şəxslər var. Bunlar Azərbaycanın maraqlarına uyğun olan hər hansı bir əlverişli şərtlərlə müqavilənin imzalanmasına qərar verəcəklər və öz təkliflərini Azərbaycan Prezidentinə təqdim edəcəklər".

Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa Ermənistanın Baş naziri Nikol Paşinyanın "Azərbaycanla nizamlanmanın 3 əsas prinsipi razılaşdırılıb" fikrinə münasibət bildirərkən deyib.

"İndi bu şərtlərin, prinsiplərin hansı olduğu və Ermənistanla nə də razılaşmağın mümkün olduğu açıqlanandan sonra daha dəqiq fikir bildirmək olar. Amma Azərbaycan bütün hallarda sülh müqaviləsinin imzalanmasını asanlaşdıran tərəf kimi çıxış edir. Onu mürəkkəbləşdirməyə cəhd etmir. Çünki biz bütün hallarda bu müqaviləni imzalamağa ən maraqlı tərəfik. Ermənistanı da buna dəfələrlə dəvət etmişik. Hələ ki, Ermənistan tam qərarını verə bilmir. Versə, bizim belə bir problemimiz olmayacaq",- deyə deputat qeyd etdi.

Həmidə İBRAHİMLİ