"Bu proseslər HƏMAS liderlərinin gəlir mənbəyidir" - Yeganə Hacıyeva

 15:33 01.11.2023     343

Hazırkı mərhələdə mövcud dünya düzəni bir neçə ciddi risklər qarşısındadır. Bu risklərdən biri də müxtəlif maraqların təmin edilməsi üçün terrorizmin legitimləşdirilməsi və qəbul etməsidir.

Bu sözləri nüvə müharibəsinin başlama ehtimalı ilə bağlı Redaktor.az-a danışan politoloq Yeganə Hacıyeva bildirdi.

Politoloq dedi ki, bu gün Fələstində mülki insanlarının atəşə tutulması ilə bağlı dünya ictimayyəti haqlı olaraq  İsrailə iradını bildirir:

"Bu haqlı iraddır. Amma bu da aydındır ki, məhz belə yollarla  İsrail özünü müdafiə edir. Çünki son illər bu bölgədə ard-arda baş verən eskalasiyalar hamını bir fakt qarşısında qoyub ki, HƏMAS terroristləri Qəzzadan təmizlənməyincə bu davam edəcək. Çünki orada terrorizmin ocağı var və bu terrorizmin ocağını aradan qaldırmaq lazımdır. İsrailə legitim özünü müdafiə haqqını hamı tanıyır, amma onun üsulları bəyənilmir və bəzən isə qəbul edilməzdir. Qəzzanın atəşə tutulması nəticəsində dünyasını dəyişənlərin statistikası onu göstərir ki, HƏMAS terroristləri özləri bunkerlərdə gizlənib, qadın uşaqları atəş qarşısında hədəf kimi qoyublar. Öldürülənlərin statistikasına baxdıqda altı mindən çox insanın böyük əksəriyyəti qadın və uşaqlardır. Sual yaranır ki, bəs kişilər hardadır?

Bunun cavabı var. Kişilər, yəni terroristlər əsasən bunkerlərdə, yeraltı keçidlərdə gizləniblər, qadın və uşağı atəş qarşısına veriblər. Bu isə haqlı olaraq  beynəlxalq müstəvidə İsrailə qarşı istifadə olunmaqdadır. Məsələ necə həll oluna bilər sualına konkret cavab yoxdur, çünki HƏMAS nə istəyir sualına konkret cavabı yoxdur. Əgər İsrail nə istəyir sualı varsa, bunun cavabı var. İsrail sərhədlərin daxilində vətəndaşların təhlükəsizliyini istəyir.  HƏMAS nə istəyir sualının cavabı isə yoxdur. Bu proseslər HƏMAS liderlərinin gəlir mənbəyidir. Qəzza hər 8-10 ildən bir dağıdılıb və yenidən qurulur. Yenidən qurulmalara milyardlar xərclənir, bu milyardların 30-40 faizi ancaq Qəzzanın qurulmasına gedir, yerdə qalan 60 faiz məhz HƏMAS liderlərinin gəlir mənbəyidir”.

Politoloq dedi ki, hazırkı mərhələdə dünyanı hansı risklər gözləyir sualının cavabına gəlincə nüvə müharibəsi riskləri səslənməkdədir.

"Bu risklər Ukrayna-Rusiya müharibəsində də səslənirdi, amma əksini tapmadı. Bu gün İsrail-Fələstin qarşıdurmasında da səslənir, yenə əksini tapmayacaq. Sadəcə bu mövzunu beynəlxalq müstəvidə vəziyyəti gərginləşdirmək üçün media tərəfindən beynəlxalq ictimaiyyət tərəfindən aparılan təbliğatdır".

Humay İSGƏNDƏRLİ