"Türkiyə-Ermənistan sərhədinin açılması təkcə Azərbaycanla bağlı deyil" - Tofiq Zülfüqarov

 13:00 03.11.2023     458

Xəbər verdiyimiz kimi, bu gün Türk Dövlətləri Təşkilatı (TDT) liderlərinin Qazaxıstanın paytaxtı Astanada 10-cu Zirvə görüşü baş tutdu. 

Görüşdə çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dedi ki, Ermənistan Azərbaycan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməlidir:

“Regional kommunikasiyaların açılması bütün regionun xeyrinədir. Türk dünyası olaraq Azərbaycana dəstəyimizi davam etdirəcəyik”,- deyə Ərdoğan əlavə edib.

Bildiyimiz kimi, Türkiyə Ermənistanla münasibətləri yalnız Azərbaycanla sülh sazişi bağlanacağı, tələblər yerinə yetiriləcəyi təqdirdə nizama salacağını bildirir.

Ermənistan parlamentində çıxışı zamanı ölkənin xarici işlər naziri Ararat Mirzoyan Türkiyə ilə sərhədin açılması məsələsinə toxunaraq bildirib ki, bununla bağlı tezliklə yaxşı xəbər olacaq. O qeyd edib ki, sülh müqaviləsinin prinsipləri dəyişməzdir: tərəflərin ərazi bütövlüyünün qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası və demarkasiyası, regional kommunikasiyaların açılması gündəmdədir. 

Məsələ ilə bağlı Redaktor.az-a danışan keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov söylədi ki, Ermənistan bir çox öhdəlikləri yerinə yetirməkdə tələsmir:

"Amma bu o demək deyil ki, Türkiyə və Azərbaycan bunları ya yaddan çıxardıb, ya da öz siyasi gündəmindən çıxartmalıdırlar. Yəni bu təzyiqlər həmişəki kimi davam edəcək. Başa düşürük ki, hansısa irəliləyişə nail olmaq üçün Ermənistana siyasi güc tətbiq olunmalıdır ki, onlar bu və ya digər öhdəlikləri yerinə yetirsinlər. Sərhədlərin açılması isə bir az geniş məsələdir və təkcə Azərbaycanla bağlı deyil.

Çünki Türkiyənin öz siyasi gündəmində də Ermənistanın  siyasətinə bir çox iradları var. Türkiyə Xarici İşlər Nazirliyində olan mütəxəssislər var ki, bu məsələlərin belə həll olunmasına həmişə diqqət yetirirlər. İndi hamı başa düşür ki, Ermənistan üçün həm Türkiyə ilə, həm Azərbaycanla normal kommunikasiyaların bərpası iki tərəfin də xeyrinədir, eyni zamanda Ermənistanın xeyrinədir. Təəssüflər olsun ki, Ermənistanın siyasi mühitində elə bir vəziyyət yaranıb ki, onlar öz xeyrinə olan məsələləri dünyaya elə bildirirlər ki, guya onlar hansısa güzəşt edirlər. Sərhədin ilk növbədə açılması Ermənistanın özünə lazımdır".

Humay İSGƏNDƏRLİ