"İndi söz və əməl Ermənistan tərəfindəndir, əgər..." - Fəzail Ağamalı
Bildiyimiz kimi, bu gün Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatı (TDT) liderlərinin 10-cu Zirvə Görüşü keçirilib. Səfər çərçivəsində Ölkə başçısı İlham Əliyevlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında görüş də baş tutub.
Görüşlə bağlı Redaktor.az-a danışan Milli Məclisi deputatı Fəzail Ağamalı dedi ki, Qazaxıstanda türk dövlətləri başçılarının keçirmiş olduğu yüksək səviyyəli görüş ciddi tarixi əhəmiyyət kəsb edir:
"Bu, ilk növbədə Türk Dövlətləri İttifaqının yaranmasına doğru müəyyən olunmuş xəttin davamı kimi, onun məntiqi kimi dəyərləndirilməlidir və burada keçirilən görüşlər, müzakirə olunan məsələlər, təbii ki, buna uyğun olaraq müəyyən sənədlərin imzalanması gözlənilir. Bu, heç şübhəsiz ki, türk dövlətləri arasındakı əməkdaşlığın inkişafında xüsusi yer tutacaq və gələcək perspektivlər üçün geniş imkanlar açacaqdır.
Cənab prezident İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın görüşü həmişə hər iki dövlət üçün ciddi əhəmiyyət kəsb edən hadisə kimi yaddaşlarda qalıb. Bu görüş də bu baxımdan istisna olunmur. Şübhəsiz ki, bu son görüşdə Azərbaycan- Türkiyə münasibətlərinin inkişaf etdirilməsi, türk dövlətləri arasındakı münasibətlərin indiki durumu və gələcəyi haqqında fikir mübadiləsi xüsusi yayılacaq. Türkiyə ilə Azərbaycan arasında münasibətlərlə bərabər, həm də Azərbaycanla Ermənistan arasındakı bugünkü durum, sülh sazişi, kommunikasiya açılması müzakirəsi də şübhəsiz ki, olmuşdur".
Deputat Ərdoğanın Ermənistan Azərbaycan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməlidir fikrinə münasibət bildirərkən dedi ki, cənab Ərdoğan dəfələrlə Ermənistanın üzərinə düşmüş olduğu öhdəliklərinin yerinə yetirilməsində konkret addımların atılmasını irəli sürüb:
"Bunun region üçün, eyni zamanda Ermənistan üçün də əhəmiyyətini qeyd etmişdir. Həqiqətən də belədir. Bu, Qafqazda və bütövlükdə regionda sülhün, təhlükəsizlik və əməkdaşlığın yaranmasında və inkişafında xüsusi əhəmiyyət kəsb edir. Həm Azərbaycan və Ermənistan arasındakı münasibətlərin normallaşması, həm də sülh sazişinin imzalanması, kommunikasiyaların açılması baxımından önəmlidir. Ancaq bəlli olduğu kimi, Ermənistan hər dəfə bu məsələlərlə bağlı ən müxtəlif bəhanələrlə ciddi yanaşmır, imtina edir, müxtəlif fikirləri ortaya qoyur və beləliklə, həm münasibətlərin normallaşmasına, həm də sülh sazişinin imzalanmasına, kommunikasiyanın açılmasına kifayət qədər maneə törədir. Yəqin ki, bu dəfə də fikir mübadiləsi aparılıb. İndi söz və əməl Ermənistan tərəfindəndir. Ermənistan doğrudan da Azərbaycanın və Türkiyənin ona qarşı atmış olduğu bu addımların lazımi səviyyədə qiymətləndirməsə, bu gün də, gələcəkdə də çətinlikləri, yaşamış olduğu problemləri onun özündən qaynaqlanır".
Humay İSGƏNDƏRLİ