"İranla Türkiyə arasında HƏMAS-İsrail münasibətlərinə baxışda oxşarlıq var" - Sədrəddin Soltan

 17:59 03.11.2023     383

Bir neçə gün öncə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Türkiyəyə səfəri reallaşıb. 

Səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianı qəbul edib. 

Abdullahian Türkiyə xarici işlər naziri Hakan Fidanla görüşdən sonra keçirdiyi brifinqdə İran Prezidenti İbrahim Rəisinin yaxın vaxtlarda Türkiyəyə səfərinin gözlənildiyini açıqlayıb.

Maraqlıdır, İran-Türkiyə arasındakı diplomatik görüşlər nəyi vəd edir? Rəisinin Türkiyə səfəri regionda hansısa dəyişikliklərə səbəb ola bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Orta Doğu Araşdırma Mərkəzinn rəhbəri  Sədrəddin Soltan söylədi ki, İran hakimiyyəti ilə Türkiyə arasında HƏMAS - İsrail münasibətlərinə baxışda bir oxşarlıq var:

"İran birmənalı şəkildə HƏMAS-ı dəstəkləyir. Hətta HƏMAS-ın  meydana çıxmasında, formalaşmasında İranın rolu var. HƏMAS-ın hərbi qolunu birbaşa İranın dəstəklədiyinə dair çoxsaylı məlumatlar var və İran daim HƏMAS-a İsrailə qarşı müharibədə xeyir-dua verib. Türkiyə isə bu məsələdə daha sülhsevər davranmağa üstünlük verir. Türkiyə müharibəni deyil, İsrail - Fələstin münasibətlərinin normallaşması problemlərinin sülh yolu ilə həllinə tərəfdardır, hətta HƏMAS-la İsrail arasında vasitəçi rolunu oynamağa hazır olduğunu bildirir.

Bundan başqa, İran hakimiyyətinin İsrailə ölüm şüarı var. Türkiyənin isə nə belə hədəfi var, nə də belə şüarı var. Türkiyə regionda dövlətlərarası əməkdaşlıq və sülh tərəfdarıdır. İran isə İran hakimiyyəti yarandığı gündən müharibə ilə yaranıb və bu günə qədər də regionda daim iğtişaşları, müharibəni dəstəkləyir və buna yardım edir. Məsələn, istər İraqda, istər Suriyada, istər Yəməndə, istər Livanda daim münaqişənin olması, qarşıdurmaların olmasında İran tərəfi maraqlıdır. HƏMAS-la İsrail müharibəni dəstəkləyənlərdən birincisi və ona xeyir-dua verənində heç şübhəsiz ki, İran hakimiyyətinin olduğu istisna olunmur."

"O ki, qaldı İbrahim Rəisinin Abdullahiandan sonra Türkiyə səfərinə, ehtimal edirəm ki, bu səfərdə regional münasibətlər, xüsusən HƏMAS-İsrail münasibəti müzakirə olunacaq".

"Çünki HƏMAS artıq İsrail tərəfilə atəşkəsə nail olmaq üçün bütün şərtlərə, hətta girovların hamısının azad edilməsinə razı olduğunu bildirir. Ehtimal edirəm ki, İran tərəfi Türkiyənin Qərblə bu məsələdə vasitəçi olmasını istəyəcək. Çünki noyabrın 5-də  ABŞ dövlət katibi Antoni Blinkinin Türkiyəyə səfəri gözlənilir. Heç şübhəsiz, Rəcəb Tayyib Ərdoğanla da görüşəcək. İran növbəti mərhələdə bütün diplomatik gücündən və əlaqələrindən istifadə edərək HƏMAS-la İsrail arasında hansısa bir danışığın, dialoqun, təmmasın yaranmasına çalışacaq. Çünki bu əməliyyatın nəticəsində əgər Qəzza zolağında yenidən HƏMAS, yaxud hər hansı silahlı qruplaşma qalarsa, bu, heç şübhəsiz, perspektivə İsrailin təhlükəsizliyi təhdid mənbəyi olacaq.

Ona görə də ehtimal edirəm ki, HƏMAS-ın son döyüşünə qədər İsrail bu əməliyyatı davam etdirəcək. İranın isə hədəfi Qəzza zolağında HƏMAS-ın qalmasına nail olmaqdır. Çünki HƏMAS-ın Qəzza zolağından getməsi İranın İsrailə təsir vasitəsindən məhrum olmaq deməkdir. İran isə İsrailə təsir vasitəsindən məhrum olmaq istəmir. Ona görə də perspektivə İran bütün danışıqlarda İsraillə HƏMAS-ın münasibətlərinin düzəlməsinə, yaxud azından atəşkəsə nail olmağa çalışacaq".

Humay İSGƏNDƏRLİ