"Almaniya Fransadan fərqli mövqe ortaya qoyduğunu nümayiş etdirmək istəyir" - Politoloq
Xəbər verdiyimiz kimi, ötən gün Almaniyanın xarici işlər naziri Annalena Berbok İrəvanda rəsmi səfərdə olub.
Almaniya xarici işlər naziri Annalena Berbok və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan görüşüb. Onun Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcəyi bildirilmişdi.
Annalena Berbokun bu gün isə Azərbaycanda səfərdə olacaq.
Almaniyanın XİN rəhbəri hər iki ölkəyə səfərləri haqqında Redaktor.az-a danışan politoloq Samir Hümbətov söylədi ki, Berbokun Azərbaycan və Ermənistan səfəri Avropa İttifaqı dövlətləri arasında olan münasibətlərdən qaynaqlanır:
"Almaniya XİN rəhbərinin həm Ermənistana, həm Azərbaycan səfəri Fransadan fərqli olaraq hər iki dövlətə eyni münasibət göstərməkdən irəli gəlir. Digər tərəfdən isə NATO-dan fərqli olaraq Almaniya ittifaq içərisində fərqli fikirlərin olduğunu da ortaya qoymuş olur. Fransa xarici işlər naziri Ermənistana gəldi və gəlişində nə bildirdi? Dedi ki, Fransa və Ermənistan arasında müdafiə sahəsində əməkdaşlığı dərinləşdirəcəyik. Yəni münaqişənin həll olunması bir kənara, hətta münaqişənin daha da qızışdırılmasına atılan addımlar oldu.
Amma Almaniya fərqli münasibət göstərir. Birincisi, Almaniya ilə Azərbaycan arasında ticari - iqtisadi əlaqələr yüksək səviyyədədir və Azərbaycanın bir milyard manatdan yuxarı ticarət dövriyyəsinin olduğu dövrlətlərdən bir Almaniyadır. Almaniya Avropa İttifaqı Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində də Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır. Nəzərə alsaq ki, "TASİS" və "TRASEKA" anlaşması var, o da təbii ki, Almaniyanın marağında olan bir planlaşdırmadır və hesab edirəm ki, həmin məsələlər nəzərə alınmaqla Almaniya XİN Azərbaycana və Ermənistana səfərlərinin həyata keçirilməsinin şahidi ola bilərik. Yəni məsələ bundan ibarətdir və görünür ki, birinci Ermənistandana sonra isə Azərbaycana səfər etməklə Almaniya həm də özünün Fransadan fərqli mövqe ortaya qoyduğunu nümayiş etdirmək istəyir".
Humay İSGƏNDƏRLİ