"Azərbaycan bu dövlətlərlə çoxtərəfli əlaqələrin inkişaf etdirilməsində maraqlıdır" - Deputat

 16:18 04.11.2023     509

Azərbaycan türk dövlətləri ilə həm ikitərəfli, həm də çoxtərəfli əlaqələrin inkişaf etdirilməsində maraqlıdır. Eyni zamanda, Azərbaycan türk dövlətlərinə sərmayə qoyan dövlətlərdən biridir.

Bu sözləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev Prezident İlham Əliyevin Qazaxıstana səfərini şərh edərkən deyib.

Onun sözlərinə görə, ilk növbədə Azərbaycan Türk Dövlətləri Təşkilatının qurucu dövlətlərindən biridir:

"Orta dəhliz layihəsinin inkişaf etdirilməsi, Orta Asiya dövlətlərinin enerji resurslarının Azərbaycan vasitəsilə Türkiyəyə, oradan isə Avropaya və dünya bazarlarına çıxarılması artıq tək Azərbaycanın və Türkiyənin deyil, eyni zamanda digər türk dövlətlərinin strateji maraqlarına xidmət edən bir layihədir. Eyni zamanda, Azərbaycan türk dövlətləri ilə investisiya fondlarının yaradılmasına nail olub və ikitərəfli hökumətlərarası komissiyaların fəaliyyəti ən yüksək səviyyəyə çatdırılıb. Qarşılıqlı olaraq məhsulların idxalı və ixracı prosesi həyata keçirilir. Azərbaycanın enerji resurslarının daşınması ilə yanaşı, logistik xidmətlərin həyata keçirilməsində aparıcı rollardan birini oynayır".

Deputat onu da qeyd etdi ki, Azərbaycanda Ələt Azad İqtisadi Zonasının yaradılması Orta Asiya dövlətləri üçün əla fürsətdir:

"Xüsusilə də Asiyadan Avropaya yüklərin daşınması, demək olar ki, bu marşrut üzrə yaxın gələcəkdə daha intensiv həyata keçiriləcəkdir. Azərbaycan da bu marşrutun inkişaf etdirilməsi, regional dövlətlərin yaxından iştirakı üçün əla münbit şərait yaradıb. Ümumilikdə isə Türk Dövlətləri Təşkilatının güclənməsi, birlikdə regional və qlobal problemlərin həllində bir-birlərinə dəstək olması sevindirici məqamlardan biridir. Xüsusilə də Azərbaycanın suverenliyini bərpa etdikdən sonra belə bir tədbirdə iştirakı və Azərbaycana təbriklərin səsləndirilməsi bizi sevindirir.

Azərbaycanda Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi və yenidənqurma işlərinə də Türk Dövlətləri Təşkilatları yaxından dəstək verirlər. Bu da bizim qardaşlığımızın və yaxın münasibətlərimizin bir sübutu kimi dəyərləndirilməlidir. Ümumilikdə isə bu tədbirdə Azərbaycan Prezidentinin Azərbaycanı təmsil etməsi, yaxın gələcəkdə də əlaqələrin güclənməsi və inkişaf etdirilməsi, münbit şəraitin olması üçün bir zəmindir. Biz inanırıq ki, Türk Dövlətləri Təşkilatı qarşılarına qoyduğu bütün məqsədləri mərhələli şəkildə həyata keçirəcəkdir. Qlobal təhdidlərin qarşısının alınmasında Türk Dövlətləri Təşkilatı mühüm rol oynayacaqdır".

Həmidə İBRAHİMLİ