"Bir ağlı başında mütəxəssis yoxdur ki, onlara desin ki..." - Firudin Cəlilov

 18:29 04.11.2023     943

Xəbər verdiyimiz kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bütün türk dövlətləri üçün vahid əlifbanın yaradılması təşəbbüsü ilə çıxış edib. Ərdoğan bunu ötən gün TDT-nin Astanada keçirilən 10-cu liderlər sammitində deyib.

Rəcəb Tayyib Ərdoğanın bu çağırışı ilə bağlı türkoloq alim  Firudin Cəlilov Redaktor.az-a danışarkən dedi ki, türk dövlətlərinin birliyi müəyyən yolla getməlidir:

"O yolda birinci addım ortaq əlifbadı, ikinci addım ortaq dərslikdi, üçüncü addım ortaq ordudu, dördüncü addım isə vahid puldur.  Amma birinci əlifba olmalıdır. Mən təəssüf edirəm ki, o boyda dövlət başçılarının yanında bir dənə ağlı başında mütəxəssis yoxdur ki, onlara desin ki, ortaq əlifba bəllidir. Azərbaycan artıq 30 ildir ortaq türk əlifbasını işlədir.  Anadoludakı əlifba isə ortaq əlifba deyil, o Türkiyənin əlifbasıdır. Bizim ortaq türk əlifbasıdır, 30 il bundan qabaq qəbul etmişik və bu günə qədər də işlənir. Yeni  Amerika açmağa ehtiyac yoxdur ki, ortada fakt var, keçdiyimiz tarix var. Ortaq türk əlifbası ilə bağlı  o vaxt İstanbulda üç günlük elmi seminar oldu. Bütün türk ölkələrindən akademik addımlar gəldilər, bir yerdə yığışdıq qərara gəldik ki, bizim əlifbanı ortaq türk əlifbası kimi qəbul edək. Yəni mütəxəssislərin gəldiyi nəticədir. Mən də o vaxt Azərbaycanda parlamentdə o komissiyanın sədri idim, gətirdim burada parlamentdən keçirdim. Deməli, 30 ildir Azərbaycanda ortaq türk əlifbası işlənir. Bizlə paralel eyni vaxtda Tatarıstan da ortaq türk əlifbasına keçdi. Sonra arada Putin ləğv etdi, indi deyəsən təzədən yenə keçirlər.  Ortaq o deməkdir ki, hamısı eyni əlifbadan, eyni hərflərdən istifadə etsin. Bu əlifba bayaq dediyim kimi, 30 il bundan qabaq qəbul olunub. Sadəcə o dövlət başçılarına demək lazımdır ki, bir dənə mütəxəssis çağırın bu prosesi izah etsin".

Humay İSGƏNDƏRLİ