"Berbokun bu addımı beynəlxalq hüquqa da hörmətsizlikdir"
Almaniyanın Bakıya təşrif gətirən xarici işlər naziri Annalena Berbokun Qarabağı həmişə Azərbaycan torpağı saydıqları haqda dünənki açıqlaması doğrudur və bu, bir daha onu göstərir ki, ölkəsi Fransa deyil, yəqin olmayacaq da.
Ancaq məsələ burasındadır ki, xanım Berbok bizim regionla bağlı fikir bildirərkən arada adama Fransanın xarici işlər nazirini xatırladır. Noyabrın 4-də Ceyhun Bayramovla birgə keçirdikləri mətbuat konfransında Şuşayla Xankəndinin adlarını olduğu kimi yox, hay uydurmasına uyğun və bolşevik irsini qoruyurmuşcasına səsləndirməsi də elə bunun təsdiqi idi.
Almaniya, yenə də vurğulayıram ki, Fransadan, elə ABŞ-dən də fərqli olaraq öz imicinə diqqət yetirən, indiki dönəmdə nə qədər mümkündürsə, bir o qədər beynəlxalq hüquqdan çxış etməyə çalışan dövlətdir. Ən azından son zamanlara qədər belə idi. Onun ixtisasca guya hüquqşünas olan xarici işər nazirinin isə Azərbaycandakı şəhər adlarını özü-özünü buraxmış hərbi xuntanın uydurduğu və bolşeviklərin qoyduğu şəkildə çəkməsi təkcə bizim suverenliyimizə yox, beynəlxalq hüquqa da hörmətsizlikdir. Ona görə də hörmətli xarici işlər nazirimizin elə jurnalistlərin qarşısındaca etdiyi kobud səhvi almaniyalı həmkarının diqqətinə çatdırmasını, yəni ona hüquq dərsi verməsini alqışlayıram.
Ümid etmək istərdim ki, batut üzrə üç dəfə Almaniya üçüncüsü olan Annalena Berbok bundan sonra siyəsət və diplomatiya səhnəsi ilə əvvəllər üzərində hoppandığı elastik meydançanın heç də bir-birinə bənzəmədiyini anlayacaq. Anlayacaq ki, batutdan fərqli olaraq burada hoppanmaq olmaz. Hoppananda ya başı üstə sərt döşəməyə düşürsən, ya da Bakıda olduğu kimi havada qalırsan, yaxud da havalı adam təsiri bağışlayırsan. Əgər belə olmasa idi, xanım Berbok jurnalistlərə yalan danışaraq QHT təmsilçiləri ilə restoranda keçirdiyi görüşü Ermənistanda etnik təmizləməyə uğramış azərbaycanlıları dinləməsi kimi təqdim etməzdi.
Almaniya xarici işlər nazirinin elə bu yalanı da onun İrəvanda Qarabağdan gedən haylarla görüşdüyü halda Ermənistandan deportasiya olunmuş azərbaycanlılarla Bakıda bir araya gəlməkdən imtina etməsini heç özünün də doğru və ədalətli bir hərəkət saymadığının dolayı etirafıdır.
Sahib Alıyev,
Milli Məclisin deputatı