"Bu xanımın bəlkə Adolf Hitlerin törəməsi ilə qohumluğu var, o da..." - Elman Məmmədov

 12:59 06.11.2023     528

Xəbər verdiyimiz kimi, Almaniyanın xarici işlər naziri Annalena Berbokun Azərbaycana səfəri baş tutub.

Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Annalena Berbokun birgə mətbuat konfransı keçirilib. Konfrans zamanı çıxış edən Berbok Azərbaycanın ərazi bütövlüyündən danışarkən Şuşa və Xankəndinin adını təhrif edib və  onlara qoyulmuş qondarma adları səsləndirib. Ceyhun Bayramov isə Annalena Berboka siyasi tərzdə irad bildirib.

Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Elman Məmmədov dedi ki, xarici işlər nazirimiz Ceyhun Bayramov xanımı yaxşı başa saldı:

"Bəlkə kiməsə elə gəlir ki, o xanım bilmədən, təsadüfən o cür hərəkət etdi. Qətiyyən elə deyil,  qəsdən o cür danışdı. Avropa ölkələrinin Cənubi Qafqaza müxtəlif yollarla müdaxilə etmək məqsədləri var, xüsusilə Fransanın. İndi Almaniyada bunlara qoşuldu. Yəqin indi ola bilər ki, bu xanımın bəlkə Adolf Hitlerin  törəməsi ilə qohumluğu var, çünki Hitler də bir vaxt bir tort düzəltdirmişdi, ətrafı neft Bakıda ortasında. İkinci Dünya müharibəsi dövründə Bakı neftinə kimi gəlmək istəyirdi. Yəni bunlar heç cürə Azərbaycanın haqlı, ədalətli mövqeyini, ərazisini işğaldan azad etmək üçün gördüyü işləri, ərazisini separatçılardan, terrorçulardan təmizləmək üçün olan fəaliyyətini həzm edə bilmirlər. Bunların xoşuna gəlirdi ki, Azərbaycan əraziləri əbədi erməni işğalı altında qalsın, bunlar da erməniləri müdafiə etməklə, qorumaqla məşğul olsunlar. Azərbaycan heç bir dövlətin ərazisinə müdaxilə etməyib, heç bir dövlətin ərazisini işğal etməyib, Azərbaycan öz ərazilərini işğaldan azad edib, özünün suverenliyini və ərazi bütövlüyünü təmin edib. İndi bunlar iddialar qaldırırlar. 

İndi həmin Avropa dövlətlərinə, o cümlədən Almaniyanın rəhbərliyinə, baş nazirinə də sual vermək lazımdır ki, 1988-ci ildən ermənilər tərəfindən Azərbaycana qarşı  başlanılan  ərazi iddiası, bunun ardınca Azərbaycan ərazilərinin işğalı, etnik təmizləmə, soyqırımlar, kütləvi qırğınlar kim tərəfindən törədilib? Təbii ki, ermənilər tərəfindən törədilib. Onda siz yox idinizmi? Əgər varıydınızsa, onda demək sizin gözünüz kormuş, qulağınız karmış. İndi siz etnik təmizləmədən danışırsınız, təzminatdan danışırsınız. Bu məsələlərin hamısı ermənilərə aiddir, etnik təmizləməni də onlar aparıb, işğalı da onlar törədib,  təzminatı da onlar ödəməlidirlər. Əgər siz doğrudan da Avropa demokratiyasından, Avropa insan azadlıqlarından, Avropa insan hüquqlarından danışırsınızsa, ədalətli mövqe tutun. Siz öz ərazinizdə imkan verməyin, islamofobiya baş alıb getsin, məscidlər yandırılsın, irqçilik baş alıb getsin. Sizin hərəkətləriniz nəticəsində Aralıq dənizi miqrant qəbiristanlığına çevrilib. Budur sizin haqqınız, ədalətiniz, demokratiyanız. Berbok eyni zamanda yalan da danışdı, Qərbi Azərbaycan icması da ona yaxşı tutarlı cavabı verdi. Hesab edirəm ki, kifayət qədər dərsin aldı, qanacağı olacaqsa, bir daha belə hərəkətlərə yol verməyəcək".

Humay İSGƏNDƏRLİ