"HƏMAS bunkerdə oturub Türkiyənin prosesi sakitləşdirməsini gözləyir" - Politoloq

 17:50 06.11.2023     289

Xəbər verdiyimiz kimi, Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Entoni Blinkeni qəbul edib.

Hakan Fidan Blinkenə İsrailin Qəzzada mülki şəxsləri hədəf almasının və insanları köçməyə vadar etməsinin qarşısının alınmasının, eləcə də təcili atəşkəsin elan edilməsinin zəruri olduğunu vurğulayıb. Həmçinin görüş zamanı Türkiyə və ABŞ-nin Qəzzada mülki şəxslərin zərər görməməsi, humanitar yardımların davamlı və fasiləsiz çatdırılmasının təmin edilməsi məsələsində həmfikir olduqları bildirilib.

Blinkenin Türkiyəyə səfəri haqqında Redaktor.az-a danışan politoloq Yeganə Hacıyeva dedi ki, yaxın Şərqdə insanlıq faciəsi yaşanır və bu insanlıq faciəsinə Yaxın Şərqdə ənənəvi terrorist qruplarının yaranması ilə start verilib:

"Məsələ ondadır ki, bu gün daha çox öldürülən və  əziyyət çəkən uşaqlar, qadınlar və günahsız mülki insanlardır. 
Bu insanlıq faciəsi hər gün mövcud beynəlxalq nizamı dağıdır, ölən uşaqların sayı 5 minə çatıb. 
Uşaqların bu qədər müdafiəsiz qalması isə ayrı bir mövzudur. Burada HƏMAS-ın birbaşa məsuliyyəti var. 

5 minə yaxın uşağın öldürüldüyü zamanda ABŞ rəsmisinin bu səfərini mövcud beynəlxalq nizamda özünün qlobal səviyyədə proseslərə təsir imkanları olan və bu imkanları qoruyub saxlamaq səyi kimi qəbul etməliyik. 

Bu mövzuda beynəlxalq ictimayyətin riyakarlığını da qeyd etməliyəm. 

Küçələrdə Fələstini dəstəkləyən etirazlar keçirən dövlətlərin qanunverici orqanları fərqli addımlar atır, İsrailə maliyyə yardımı edir.

Blinkenin Türkiyəyə səfəri bu insanlıq faciəsinin dayandırılması üçün atılmış addımdır. Digər tərəfdən, Türkiyənin özünün bu proseslərə hazırda nə qədər təsir imkanları mövzusudur. 

Etiraf etmək lazımdır ki, Türkiyənin təsir imkanları olsa da, tam da müharibəni dayandırmaq, sülh yaratmaq imkanları mövcud deyil. 

Hər gün daha çox aydın olur ki, Fələstin BMT-nin tam hüquqlu üzvü olmalıdır. Bəs, Fələstin hakimiyyəti özü bunun üçün nələr edir? bu ayrı mövzudur.  

Orada mövcud beynəlxalq düzənin bir hissəsi olmaq istəyən bir dövlət olmalıdır və bu dövlət də terrorla mübarizə aparmalıdır. Çünki terror, ideoloji radikalizmlə bütünləşib və bu şərt altında belə görünür ki, elə iki gündən bir İsrail hücum edəcək, Qəzzanı dağıdacaq". 

Politoloq dedi ki, Blinkenin Türkiyə səfəri məhz bu istiqamətdə atılacaq addımlar və Türkiyəni bu proseslərə  inandırmaqdır:

"Amma Türkiyə cəmiyyəti özünəməxsus cəmiyyətdir və İslam həmrəyliyi üzərindən Fələstinə dəstək kampaniyaları aktiv şəkildə gedir. O dəstək kampaniyaları da hökumətə təsir edir. Hakimiyyət də özünün Yaxın Şərqdə iqtisadi çıxarlarının üzərində müsəlman dünyasındakı aparıcı rolunu qorumaq istiqamətində bu addımlara gedir. 

Sual oluna bilər ki, Blinkenin qatil qismində şəklinin qoyulması Türkiyədə  böyük qəbahətdirmi? Mənim fikrimcə deyil. 

Çünki götürək elə Amerika Birləşmiş Ştatları Konqresində son İsrail və Ukrayna ilə bağlı maliyyənin ayrılması dinləmələrini. Burda  ictimaiyyət nümayəndələrinin açıq şəkildə Blinkeni qatil adlandırırdı.

Etiraf etmək lazımdır ki, mövcud beynəlxalq nizamda özünü qlobal oyunçu adlandıran bir ölkənin xarici siyasətinin rəhbəri proseslərə təsir imkanları yoxdur. Əgər yoxdursa, özünün qlobal şəkildə lider rolundan imtina edib bunu aparan bir ölkəyə verməlidir. 

Bu səfərdə də hər şey ona gedir ki, müəyyən bir sabitlik olsun. Ən azından uşaqlar ölməsin. HƏMAS-ın proseslər başlayandan sonra bunkerdə oturub Türkiyənin prosesin sakitləşdirilməsini gözləməsi riyakarlığdır.

Hazırda ümumi statistika onu göstərir ki, dünyasını dəyişmiş duqquz minə yaxın insanın əksəriyyəti qadınlar və uşaqlardır. Bu qadınlar və uşaqları sipər olaraq istifadə edilirlər. 

Bunu edən HƏMAS-ın müsəlmandır deyə dəstəklənməsi, təxminən Xankəndidə aclıq olmadığı bir dövrdə xristianlıq həmrəyliyi üzərindən "orda erməni genosidi gedir" demək qədər riyakarlıqdır. 

Blinken Türkiyə hakimiyyətindən  bu mövzuda xahişlər edəcək və  Ərdoğanın Yaxın Şərqdəki şəxsi nüfuzu üzərində bu proseslər dayanacaq. 

Mövcud vəziyyətin həlli üçün strategiya varmı? Bu məsələdə kompromislər olmalıdır, amma görünən odur ki, hamı tərəfdir - ya İsrailə tərəfidir, ya Fələstin tərəfidir. 

Paralel olaraq daha üzücü bir proses gedir. Bu üzücü proseslər ondan ibarətdir ki, HƏMAS uşaqların öldürülməsi üzərindən özünü beynəlxalq aləmdə legitimləşdirir. Təxminən göstərməyə çalışır ki, bütün dünyadakı Fələstinə bu dəstək HƏMAS-a dəstəkdir".

Humay İSGƏNDƏRLİ