"Zəfər günü Ali Baş Komandanımızın memarı olduğu gündür" - Hikmət Babaoğlu

 16:49 07.11.2023     491

"Zəfər günü Azərbaycan xalqının ümummilli qürur günüdür. Sevinc günüdür. Dövlətçilik tariximizin mühüm bir səhifəsidir. Zəfər günü Azərbaycan xalqının uzun illərdir gözlədiyi vətən torpaqlarına qovuşması hadisəsidir. Zəfər günü böyük qayıdış hadisəsidir. Zəfər günü Azərbaycan xalqının dünya tarixində yenidən özünün təsdiqi hadisəsidir".

Bu sözləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu Zəfər Günü ilə bağlı fikirlərini bölüşərkən deyib.

Deputat onu da qeyd etdi ki, Azərbaycan xalqı böyük sevinclə, qürur hissi ilə Zəfər gününü qeyd etməyə hazırlaşır:

"Heç şübhəsiz ki, bu mühüm tarixi günün əldə olunmasında Azərbaycan ordusunun, əsgərlərinin böyük rolu var. Azərbaycan xalqının böyük rolu var. Amma eyni zamanda Zəfər günümüz bütün bu güc komponentlərini birləşdirərək vahid yumruğa çevirən müzəffər Ali Baş Komandanımızın memarı olduğu gündür. Bu gün Azərbaycanın hərb tarixinə xüsusi hərflərlə yazıldı, eyni zamanda Azərbaycan dövlətçilik tarixinə qızıl hərflərlə yazıldı. Çünki Zəfər gününə gedən yolu təhlil edən zaman biz görəcəyik ki, istər sırf hərbi müstəvisində, istər hərbi-siyasi və diplomatik müstəvidə bu zəfərin əldə olunması nə qədər çətin imiş. Bu müharibədə biz düşmənlərimizin sayının birdən çox olduğunu gördük.

30 il bizi məğlubiyyətə məhkum edən gücün təkcə Ermənistan olmadığını gördük. Ermənistanın arxasında duran böyük güclərin Azərbaycana qarşı necə aqressiv davrandığını gördük. Azərbaycanın məhz bu güclərə qarşı necə mətanətlə, qətiyyətlə, cəsarətlə savaşdığını gördük. Ona görə də bütün bu məsələləri təhlil edib yenidən tarixi zəfərimizi qiymətləndirərkən bir daha aydın olur ki, biz necə böyük qələbə əldə etmişik. Bu qələbə bu gün hər nə qədər böyük təntənə ilə Azərbaycan xalqı tərəfindən qeyd edilirsə, illər keçdikcə daha böyük təntənə ilə qeyd ediləcəkdir. Əbədi olaraq qeyd ediləcəkdir. İllər sonra bu zəfəri əldə etməyin nə qədər çətin olduğu aydınlaşdıqca, qələbəmizin qiyməti daha da artacaq".

Həmidə İBRAHİMLİ