YUNESKO rəsmiləri Ermənistanın vandallığı barədə ətraflı məlumatlandırıldı
7-10 noyabr 2023-cü il tarixlərində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti YUNESKO-nun Baş Konfransının 42-ci sessiyasında iştirak etmək məqsədilə Fransa Respublikasına işgüzar səfərdə olub.
Bu barədə Redaktor.az-a Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, sessiyanın ilk günü yekdilliklə qəbul edilmiş qərarla Azərbaycan Baş Konfransın vitse-prezidenlərindən biri seçilib. Səfər çərçivəsində nazir müavini Elnur Məmmədov Baş Konfransın ümumi siyasi debatları çərçivəsində çıxış edib, habelə bir sıra ikitərəfli görüşlər keçirib.
10 noyabr tarixində milli bəyanatla çıxış edən nazir müavini Elnur Məmmədov ölkəmizin Təşkilatın əsəs tərəfdaşlarından biri olduğunu və mühüm qlobal təşəbbüslərlə mütəmadi olaraq mədəniyyətlərarası və dinlərarası dialoqu təşviq etdiyini bildirib.
Çıxışında Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı etnik nifrət zəminində ölkəmizin Qarabağ bölgəsində, istərsə də Ermənistan ərazilərində mövcud tarixi, mədəni və dini abidələrin tamamilə dağıdılması məsələsinə toxunan nazir müavini bu xüsusda ölkəmizin dəfələrlə YUNESKO və digər beynəlxalq təşkilatlara müraciət etdiyini diqqətə çatdırıb.
Azərbaycanın mövcud mədəni irsin qorunmasını təmin etmək üçün təcili tədbirlərin görülməsinə və müvafiq faktaraşdırıcı missiyaların təşkilinə dair çoxsaylı çağırışlar etməsinə baxmayaraq Ermənistan tərəfinin əngəlləri nəticəsində bunun mümkün olmadığı təəssüflə vurğulanıb.
Çıxışında nazir müavini həmçinin post-münaqişə dövründə ölkəmiz tərəfindən aparılan genişmiqyaslı yenidənqurma və bərpa işlərindən söz açıb, Azərbaycanın bölgədə mövcud mədəni və dini obyektlərin bərpasına xüsusi əhəmiyyət verdiyini, bu istiqamətdə çoxsaylı addımların atıldığını bildirib.
Səfər çərçivəsində habelə nazir müavini Elnur Məmmədovun YUNESKO-nun Baş direktoru Odri Azule, Baş direktorun sosial və humanitar elmlər üzrə müavini Qabriela Ramos ilə ikitərəfli görüşləri keçirilib.
Görüşlərdə Azərbaycan-YUNESKO münasibətləri, mövcud əməkdaşlıq gündəliyi, o cümlədən Təşkilatın sosial və humanitar elmlər sahəsində əməkdaşlıq perspektivləri, ölkəmiz tərəfindən irəli sürülən çoxsaylı təşəbbüslər barədə fikir mübadiləsi aparılıb.
Habelə, görüşlərdə Ermənistan tərəfindən istər Azərbaycan, istərsə də Ermənistan ərazilərində mövcud tarixi, mədəni və dini abidələrin dağıdılması ilə əlaqədar olaraq ətraflı məlumatlandırılıb. Bu xüsusda, Azərbaycan mədəni irsinin hazırki vəziyyətini qiymətləndirmək məqsədilə Ermənistana müvafiq faktaraşdırıcı missiyanın göndərilməsinə dair çağırış edilib.
Azərbaycanın tərəfindən aparılmış antiterror tədbirlərindən sonra Ermənistanın bölgədə mədəniyyət və tarixi abidələrin təhlükə altında olması ilə bağlı iddiaların əsassız olduğu və bunun BMT-nin regiona reallaşdırılan iki missiyası tərəfindən də təsdiqləndiyi diqqətə çatdırılıb.
Görüşdə mədəniyyətlərarası dialoqa dair “Bakı prosesi” təşəbbüsünün əhəmiyyəti vurğulanıb. YUNESKO-nun “Bakı Prosesi”, eləcə də Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumun əsas dəstəkçisi və tərəfdaşı olduğu bildirərək bu əməkdaşlığın davam etdirilməsinə ümidvarlıq ifadə olunub.
22 noyabr 2023-cü il tarixinədək davam edəcək Baş Konfransın 42-ci sessiyası müddətində ölkəmiz müxtəlif qurumlar tərəfindən aidiyyəti sahələr üzrə təmsil olunacaqdır.