Leyla Abdullayeva Paris Sülh Forumunda Paşinyana CAVAB VERDİ

 23:49 10.11.2023     541

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Paris Sülh Forumu çərçivəsində keçirilən panel müzakirəsində ölkəmizə qarşı təxribatçı bəyanatlara səssiz qalmayıb.

Redaktor.az xəbər verir ki, o, Ermənistan Baş naziri Nikol Paşinyana və Azərbaycanla bağlı qərəzli suallar ünvanlayan moderatora cavab verib.

O bildirib ki, Fransada Azərbaycanın Ermənistana qarşı qondarma təhlükə ilə bağlı qorxuları tamamilə əsassızdır.

“Moderator, vurğuladınız ki, siz Fransada Azərbaycanın Ermənistana qarşı törətdiyi “təhdidlərdən” narahatsınız. Diqqətinizə çatdırım ki, bu “təhdidlər” tamamilə əsassızdır. Çünki Azərbaycanın bu günədək etdiyi beynəlxalq ictimaiyyət tərəfindən tanınmış öz əraziləri üzərində suverenliyini bərpa etmək olub. Biz faktiki olaraq beynəlxalq hüquqa görə Azərbaycana aid olanı qazanmışıq. Azərbaycan hər zaman dəfələrlə sülhdə maraqlı olduğunu bəyan edib. Sadəcə bəyan etməyib, Azərbaycan 2020-ci ildə müharibədən dərhal sonra Ermənistanla normallaşma prosesinin təşəbbüskarı olub və əlbəttə ki, Azərbaycan Ermənistanla birbaşa doialoqun tərəfdarıdır”, - xanım diplomat vurğulayıb.

Leyla Abdullayeva xatırladıb ki, Qranada görüşündən bir gün öncə Fransanın xarici işlər naziri Ermənistana səfər etdi və Ermənistana silahların göndərilməsi ilə bağlı qərarı bəyan etdi:

"Bu Ermənistanı silahlandırmaq, ölkədəki revanşist ideologiyanı dəstəkləmək qərarı həqiqətən də regionda sülh və normallaşmaya xidmət etmək məqsədiləmi idi ? Digər tərəfdən isə Fransa vasitəçi kimi iştirak etmək niyyətində idi. Beləliklə açıq şəkildə bir ölkənin tərəfini tutan və onu açıq şəkildə silahlandırıran ölkə daha sonra deyir ki, mən vasitəçiyəm. Digər tərəfdən isə liderlər Türkiyə Prezidentinin iştirakından imtina etdilər. Bu izahlar Azərbaycan tərəfindən açıq şəkildə ifadə edilib”.