"Səfir özbaşına deyil, o geri çağırılmalıdır" - Politoloq

 14:12 13.11.2023     402

"Daşkənddə Azərbaycan Respublikası Prezidenti ilə İran Respublikasının Prezidenti görüşdü və müəyyən dərəcədə dövlətlərarası münasibətləri tənzimləmək və yaxud münasibətləri normallaşdırmaq, hansısa problemlər varsa, problemlərin həllinə yönəlik məsələlər müzakirə olundu. Amma İranın Ermənistandakı səfirinin bu cür təxribatçı açıqlamaları bir daha onu sübut edir ki, İran daxilində müəyyən qüvvələr var. O qüvvələrin bir qismi Azərbaycanla qonşuluq nöqteyi-nəzərdən münasibətlərin daha yaxşı olmasına çalışır. Digər qrup isə bunu əngəlləyir, qarşısını alır və ikitərəfli münasibətlərin yaxşılaşdırılmasına doğru atılan hansısa bir addımları bu şəkildə pozurlar. Bu, özünü həmçinin İranda səfirliyə edilmiş hücumda göstərdi".

Bu sözləri Redaktor.az-a açıqlamasında politoloq Tural Əliyev İran İslam Respublikasının Ermənistan Respublikasındakı səfiri Mehdi Sübhaninin Ermənistanın “Civil Net” platformasına verdiyi müsahibə zamanı səsləndirdiyi təxribat xarakterli əsassız fikirlərə münasibət bildirərkən deyib.

Onun fikrincə, İran hakimiyyəti Azərbaycanla Prezidentlər səviyyəsində görüş keçirir və  qonşu ölkələrlə təhlükəsizlik, regional əməkdaşlığı daha da inkişaf etdirmək, münasibətləri qaydasına qoymaq istəyirlər:

"Amma digər qüvvələr də bunun qarşısını alır. Burada nə ola bilər? Əsas məsələ dediyim kimi, həm daxildə olan problemlər, narazılıq, həmçinin hazırda Yaxın Şərqdə baş verən hadisələr fonunda Azərbaycan hakimiyyətini hədəfə almaqla guya ki, Azərbaycan İsraili daha çox dəstəkləyir. Yaxud da İsraillə arasında olan münasibətlərə zərbə vurmaq və bundan istifadə etmək məsələsi də var. Əgər doğrudan da İran səfirinin dedikləri İran hökumətinin siyasi kursuna uyğun gəlmirsə və İran hakimiyyəti doğrudan da Azərbaycanla münasibətlərin yaxşılaşdırılmasına və yaxud da əvvəlki  diplomatik gərginliyin azalmasına çalışmaq istəyirsə, o səfir geri çağırılmalıdır. Səfirə töhmət verilmədir və yaxud Xarici İşlər Nazirliyinin sistemindən uzaqlaşdırılmalıdır. Bununla da biz görərik ki, doğrudan da İran hakimiyyəti artıq ciddi bir iş görmək istəyir. Yaxud bu şəkildə ciddi bir siqnal göstərmək istəyir ki, bu məsələlər həll olunsun.

Səfir kimdir? Səfir bir dövlətin başqa bir dövlətdə elçisidir, o dövləti təmsil edir. Səfir özbaşına deyil. Hansısa bir səfir öz dövlətinin kursuna, siyasətinə, hakimiyyətə əks bir fikir söyləyə bilməz. Ona görə də burada iki məsələ var, ya daxildən iki qruplaşma var ki, bir qrup bunu istəmir və yaxud da bunun qarşısını alacaq qüvvələr zəifdirlər. İran hakimiyyəti sadəcə olaraq nə qədər yüksək səviyyədə görüşlər keçirsə də, köhnə ampulasındadır və  çıxmaq istəmir".

Həmidə İBRAHİMLİ