"Gürcüstan bu məsələlərdə diqqətli olmalıdır" - Deputat Fransanın Ermənistana texnika daşımasından DANIŞDI

 16:25 13.11.2023     385

Fransanın Ermənistana göndərdiyi hərbi texnika Gürcüstan ərazisindən keçib. Gürcüstanın Poti limanında Ermənistan silahlı qüvvələri üçün nəzərdə tutulan, “Acmat” şirkətinin istehsalı olan “Fransa Bastion” markalı çoxməqsədli zirehli maşınlar yüklənib. Həmçinin “Bastion” üçün avadanlıqlar da göndərilib. Avadanlıqları göndərən Fransanın ARQUUS şirkətidir.

Qeyd edək ki, Gürcüstan uzun müddət Fransa silahlarının Ermənistana tranzitindən imtina edib, amma indi, görünür, rəsmi Tbilisi buna icazə verib.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Naqif Həmzəyev bildirdi ki, regionda sülhün olmasını istəməyən dövlətlər var:

"Xüsusilə də Ermənistanın havadarları Ermənistanı silahlandırmaqda sanki növbəyə düzülüblər.  Ermənistana silah tədarükünü həyata keçirməklə güc balansını qoruyub saxlamaq, əslində isə regionda öz təsir güclərini artırmaq və qorumaq istəyirlər. İstənilən halda Ermənistan bundan sonra nə qədər silahlanmaya vaxt sərf etsə, vəsait sərf etsə də, hələ 10 illər lazımdır ki, dağılmış, məhv olmuş ordusunu qura bilsin, bərpa edə bilsin və Azərbaycan ordusuna yaxın bir ordu halına gələ bilsin.

Azərbaycan bilirsiniz ki, qalib olmasına baxmayaraq, mütəmadi olaraq ordunun güclənməsinə, müasir texnikaların alınmasına və komanda tipli ordu quruculuğunun həyata keçirilməsinə diqqət artırır. İstənilən halda, regionda ən güclü ordulardan biri Azərbaycana məxsusdur. Ancaq bununla yanaşı, biz unutmamalıyıq ki, Ermənistana silah tədarükünü həyata keçirən bu dövlətlər və bu şirkətlər nəticə etibarilə regionda sülhə kölgə salmaq istəyirlər.

Ümid edirik ki, Gürcüstan da bu prosesə yox deyəcək. Silah daşınması Gürcüstan üzərindən həyata keçirilir, bu müəyyən dərəcədə qəbul edilən hal deyil. Gürcüstan da Azərbaycanın tərəfdaşı olaraq Ermənistana silah daşınmasının qarşısını almalıdır. İkinci Qarabağ savaşının gedişində də xatırlayırsınızsa, Gürcüstan bəzi silahların Ermənistana daşınmasının məlumatını bizə ötürmüşdü və buna imkan verməmişdi. Düşünürəm ki, Gürcüstan bundan sonra da bu məsələlərdə diqqətli olmalıdır və Ermənistana silahların, hərbi texnikaların daşınmasına şərait yaratmamalıdır".

Humay İSGƏNDƏRLİ