"Gürcüstan Azərbaycanı zərrə qədər də nəzərə almır" - Sədrəddin Soltan 

 17:50 13.11.2023     417

"İstənilən ölkə, digər qonşu ölkəyə hərbi sahədə yardım əlini uzatmağı, yaxud yol açması təbii ki, problem yaradır. İkinci Qarabağ müharibəsi zamanı Rusiyadan gələn hərbi yüklərin Gürcüstan ərazisindən Ermənistana keçməsinə imkan verilmədi. Onda bu, Gürcüstan-Rusiya münasibətlərinin normal olmaması ilə əlaqələndirildi. Bunu  Azərbaycan da Gürcüstanın Azərbaycana xoşməramlı münasibəti kimi dəyərləndirdi. Amma Fransa hərbi texnikasının Ermənistana daşınmasına Gürcüstan hakimiyyətinin şərait yaratması göstərir ki, bu, Azərbaycana münasibət yox, Gürcüstanın özünün üçüncü tərəfə münasibətindən asılıdır. Yəni Gürcüstan-Rusiya münasibətləri gərgin olduğundan Gürcüstan Rusiyadan gələn hərbi texnikanın Ermənistan ərazisinə keçməsinə imkan verməyib. Fransa ilə Gürcüstan münasibətləri yaxşı olduğundan Gürcüstan imkan yaradır ki, Fransadan gələn hərbi texnika Ermənistan ərazisinə keçsin. Deməli, Gürcüstan burada Azərbaycanı zərrə qədər də nəzərə almır".

Bu sözləri Redaktor.az-a açıqlamasında politoloq Sədrəddin Soltan Fransanın Ermənistana göndərdiyi hərbi texnikanın Gürcüstan ərazisindən keçməsinə münasibət bildirərkən deyib. 

Onun sözlərinə görə, Gürcüstan bütün bunların hamısında xoşməramlı qonşuluğu nəzərə almır:

"Gürcüstan heç olmasa nəzakət xatirinə, diplomatiya xatirinə bu məsələ ilə bağlı Azərbaycanla məsləhətləşə və bu tip diplomatik danışıqlara gedə bilərdi. Amma Gürcüstan heç bir fasiləsiz Fransadan gələn hərbi yükləri birbaşa Ermənistana ötürür və bu məsələdə Azərbaycan mövqeyi, Azərbaycanla münasibətlər, azərbaycanlıların iqtisadi, ticarət və sairə əməkdaşlıqları nəzərə alınmır.  Bu o deməkdir ki, Gürcüstan da Ermənistanın silahlanmasında tranzit yol kimi iştirak edir.

Başqa sözlə, Ermənistanın silahlanmasına bu şəkildə yardım edir. Gürcüstanla bağlı perspektivdə Azərbaycan tərəfi nəzərdə tutur ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında Gürcüstandan vasitəçi kimi istifadə olunsun. Yaxud Gürcüstan, Ermənistan, Azərbaycan üçtərəfli əməkdaşlıq layihəsi məsələsi var. Yəni Cənubi Qafqaz evi qurulması məsələsi var. Gürcüstan bu tip məsələlərdə Azərbaycanın münasibətinin mövqeyini nəzərə almamaqla Azərbaycan-Gürcüstan münasibətləri üzərinə müəyyən mənada kölgə salır, problem yaradır. Yəni bu, onu göstərir ki, 1918-ci ildə edilmiş təkrar səhvləri Gürcüstan indi bir qədər fərqli şəkildə etməkdədir.  Azərbaycanın məsələyə həssas olduğunu bildiyindən Gürcüstan bu məsələ ilə bağlı Azərbaycana heç olmasa xəbər etməli, yaxud hansısa formada Azərbaycandan məsələyə münasibətini öyrənməli idi. Amma heç bir şeyi nəzərə almır və bu, çox narahatlıq yaradıcı məsələdir".

Həmidə İBRAHİMLİ