"İran diplomatlarının bəyanatlarına diqqət etməlidir, əks təqdirdə..." - Tural İsmayılov

 17:58 13.11.2023     379

"İranın Ermənistandakı səfirinin açıqlamaları bizim üçün əsla qəbul edilən deyil. Çünki nəzərə almaq lazımdır ki, Aşqabadda İran və Azərbaycan prezidentləri arasındakı görüş kifayət qədər səmimi və müsbət atmosferdə keçmişdi. Belə müsbət atmosferdə keçən bir görüşün fonunda Azərbaycan əleyhinə bu tip boğazdan yuxarı açıqlamalar vermək mən hesab edirəm ki, İran səfirinə, İran diplomatiyasına və bütövlükdə İranın Xarici İşlər Nazirliyi sisteminə nəinki başucalığı gətirir, əksinə, vəziyyətin daha da gərginləşməsinə səbəb olur".

Bu sözləri Redaktor.az-a açıqlamasında politoloq Tural İsmayılov İran İslam Respublikasının Ermənistan Respublikasındakı səfiri Mehdi Sübhaninin Ermənistanın “Civil Net” platformasına verdiyi müsahibə zamanı səsləndirdiyi təxribat xarakterli əsassız fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə,  İran-Azərbaycan münasibətlərinin gələcəyi baxımından İranın xarici ölkələrdəki səfirlərinin, özəlliklə İranın Ermənistandakı səfirinin açıqlamalarına diqqət etməsi labüddür:

"Bu mövzuda İran tərəfi də üzərinə düşən öhdəlikləri yerinə yetirərək öz səfirliklərinin açıqlamalarına, diplomatlarının prezidentləri əleyhinə hansısa bir bəyanatlar səsləndirməməyinə diqqət etməlidir. Əks təqdirdə İran mediası ilə, ümumiyyətlə İran diplomatiyası ilə bağlı şəxslərin iki ölkə münasibətlərini zədələməyə çalışmağı açıq-aydın bir proses kimi təəssüflər olsun ki, davamlı xarakter ala bilər".

Həmidə İBRAHİMLİ