"Əgər icra etmirsizsə, biz də adekvat addımlar atacağıq" - Politoloq

 17:55 13.11.2023     298

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidenti Pia Kaumanı qəbul edib. Görüşdə Cənubi Qafqaz regionunda vəziyyətlə və ATƏT Parlament Assambleyasının rolu ilə bağlı fikir mübadiləsi aparılıb.

Ölkə başçısı çıxışında bildirib ki, Azərbaycanlıların Ermənistana geri qayıdışı ilə bağlı hüququnu Ermənistan inkar edir.

Məsələ ilə bağlı Redaktor.az-a danışan politoloq Samir Hümbətov bildirdi ki, azərbaycanlılar 1905-ci  ildən başlayaraq sistemli şəkildə indiki Ermənistan ərazisindən deportasiya olunublar:

"Çox təəssüf ki, bizim də payımıza düşürdü. Mənim də babalarım ordan deportasiya edilənlər sırasındadır və bu sistemli şəkildə aparılıb. 1905-1910-cu illərdə, 1923-cü il, 1929-cu ildə bu proses davam etdirilib. 1948, 1954, daha sonra isə 1988-ci ildə...

Təəssüf ki, oradan köçürülənlərin geri qayıdışı olmurdu və bu gün Ermənistan Qarabağdan getmiş ermənilərin ora qayıtmasını istəyir. Əlbəttə ki, beynəlxalq hüquqda qarşılıqlı fəaliyyət var, ona görə də əgər Ermənistan həmin ermənilərin ora qayıtmasını istəyirsə, 1988-ci ildə deportasiya olunmuş vətəndaşlarımızın orada yaşamasına  şərait yaratmalıdır. Üçtərəfli Bəyannamənin doqquzuncu bəndində birbaşa BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nəzarəti altında qaçqınların və məcburi köçkünlərin qayıdışı məsələsi var. Həmin ərazilər Qərbi Azərbaycan ərazisidir, bizim doğma yurdlarımızdır. Cənab prezident deyir ki, biz ora qayıtmalıyıq, bu aksiomadır. Yəni bunun başqa cür isbatı yoxdur ki, bizim ərazilərimizdir, orda yurdlarımız var. Hər bir vətəndaşın ora ilə bağlı həyatı var. Necə yəni sən yaşadığı yerdən bunu çıxardırsan və qayıtmasına şərait yaratmırsan?

Əgər Ermənistan həqiqətən sülh istəyirsə, sülh müqaviləsinin bəndlərindən biri də o olmalıdır ki, azərbaycanlılar doğma yurdlarına qayıtsın. Nə qədər insanlar deyir ki, biz öz doğma yurdlarımıza qayıtmalıyıq. Hesab edirəm ki, cənab Prezidentin bu fikirləri səsləndirməsi ondan xəbər verir ki, Azərbaycan dövləti də vətəndaşlarının tələbini yerinə yetirərək, beynəlxalq təşkilatlar qarşısında öhdəlik qaldırır ki, buyurun, onu da icra edin. Əgər etmirsizsə, biz də adekvat və müvafiq addımlar atacağıq. Məncə, bu günə qədər belə açıq və net mesaj olmayıb".

Humay İSGƏNDƏRLİ