"Biz bunu həmin dövrdə bir rüşvət kimi dəyərləndirmişdik" - Yeganə Hacıyeva

 14:53 14.11.2023     421

Məlum olduğu kimi, Brüsseldə Aİ Şurasının xarici siyasət idarələrinin rəhbərləri səviyyəsində keçirilən iclasından sonra keçirilən mətbuat konfransında Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Jozep Borrel deyib ki, Aİ Ermənistan və Azərbaycan sərhədində missiyasını genişləndirir.

Eyni zamanda, Azərbaycan Xarici İşlər Nazirliyi onun bu fikirlərinə cavab verərək qeyd edib ki, Azərbaycan əleyhinə səsləndirilmiş, regiondakı reallıqları qəsdən təhrif edən ittihamlar tamamilə qeyri-adekvat və qəbuledilməzdir.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Yeganə Hacıyeva bildirdi ki, 44 günlük Vətən müharibəsindən sonra Avropa Birliyi regionda sülh və stabillikdə maraqlı görüntü yaradıb.

Onun sözlərinə görə, bu görüntü ilə paralel Azərbaycan ərazisində gedən müharibələrə görə, məhz Ermənistana 2.6 milyard yardım etmişdi:

"O yardımı həmin dövrdə məhz üçtərəfli razılaşmaya görə, Ermənistan ərazisindən keçəcəyi kommunikasiyaların nəzarəti və kommunikasiyalardan Avropa Birliyinin imkanlarından istifadəsi üçün vermişdi. Bunu həmin dövrdə biz bir rüşvət kimi dəyərləndirmişdik. Proses kardinal şəkildə məhz Rusiyanın Ukraynadakı müharibəsindən sonra başladı. Yəni Cənubi Qafqaz maraqları zəiflədi. Aydın məsələ oldu ki, Rusiya digər regionlarda öz maraqlarını qoruya bilmir və regiona Avropa Birliyi Ermənistan tərəfindən ayaq açmağa başladı. Bunun üçün də bu gün Avropa Birliyi faktiki olaraq regiondakı reallıqları təhrif etməklə, sanki müharibə bitməyib, müharibə davam edir və Azərbaycanın Ermənistanla bağlı hər hansı başqa planları varmış kimi görüntü verməyə çalışır.

Bu görüntülər əslində rəsmi Ermənistan tezisləridir ki, Ermənistan rəhbərliyi bunu səsləndirir. Erməni lobbisi bunu Amerikada, Avropada səsləndirir. Amma təəccüblü və təəssüfedicisi odur ki, bunu həm də Avropa Birliyi rəsmiləri səsləndirir. Onu qeyd edim ki, Cozep Borrel keçən il noyabrın 12-si məhz Avropa Birliyinin Ermənistan ərazisindəki missiyasının bitməsi ilə bağlı fikir bildirmişdi. Amma 8 gün sonra nə baş vermişdisə qərarı dəyişmişdi və nəticə etibarilə daha geniş formada Ermənistan ərazisində yerləşəcəyi ilə bağlı mesajlar vermişdi. İndi burada məsələ ondadır ki, növbəti dəfə genişlənmək istəyirlər. Hazırkı dövrdə onlar yarım hərbidir. Çünki orada olan dırnaqarası müşahidəçilər var, o müşahidəçilərin tam yarısı silahsız kimi təqdim olunub. Bu isə o anlama gəlir ki, digərləri silahlıdır".

Politoloq onu da qeyd etdi ki, Aİ ikinci dəfə genişləndirilmiş yarım hərbi olan bu missiyanı bir az da genişləndirmək, bütün Ermənistan və Azərbaycan sərhədi boyunca istifadə etməklə nəzarəti əldə etməyə çalışırlar:

"Amma məsələnin digər bir tərəfi isə  son bir neçə ayda Avropa Birliyi sırf narahatlıq olmayan ərazilərdə genişlənmək istəyir. Hətta Ermənistan tərəfindən də bu narahatlıqlar olmayıb. Çünki biz o regionlarda geniş müşahidə imkanları formalaşdırmışıq. Onda sual yaranır ki, Avropa Birliyi, Ermənistan Azərbaycan sərhədlərində genişlənməyə hansı ehtiyacdan duyur və bunun əsasında Ermənistana nə verəcək? Sualın bir neçə cavabları var. Biz görürük ki, Avropa ölkələrinin nə qədər sınıq-salxaq texnikaları var, başda Fransa olmaqla Ermənistana verməyə çalışırlar. Onu qeyd edim ki, Ermənistan müharibəni silahsız olduğu üçün uduzmamışdı. Ermənistan zəif olduğu üçün uduzmuşdu. İndi verilən silahlar Ermənistanı güclü etmir və bu, Ermənistanın özünə də aydındır. Digər bir məqam isə hazırkı mərhələdə bu silahlanmanın region üçün nələr vəd edir sualı daha çox maraqlıdır. Çünki belə bir sual yaranır ki, Avropa Birliyi Cənubi Qafqazda, Ermənistan-Azərbaycan sərhədində Ermənistanı kimə qarşı silahlandırır? Məsələn, məramı məqsədi nədir? Əgər sülh istəyirsə, sülhə gedən yol sülh sazişini imzalayıb və Ermənistan tərəfinin tələblərdən imtina etməsidir. Sülh yolu budur, sülh yolu bu deyilsə, Avropa Birliyinin yolu hansıdır sualına cavab axtarmaq lazımdır".

Həmidə İBRAHİMLİ