"Bu qüvvələr Fransanın təhriki ilə regionda daha çox vəziyyətin gərginləşməsində maraqlıdır" - Hikmət Babaoğlu

 16:25 14.11.2023     448

Xəbər verdiyimiz kimi, ötən gün Brüsseldə Aİ Şurasının xarici siyasət idarələrinin rəhbərləri səviyyəsində keçirilən iclasından sonra mətbuat konfransında Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Jozep Borrel Ermənistan və Azərbaycan sərhədinin həssas yerlərinə daha çox patrul yerləşdiriləcəyini, Ermənistana Avropa Sülh Fondu çərçivəsində mümkün dəstəyin veriləcəyini açıqlayıb.

Rəsmi Bakı Jozep Borrelə cavab olaraq bildirib ki,  Aİ tərəfinin Ermənistanı silahlandırmaq və bununla bölgəmizdə sülh və sabitliyə mane olan məkrli hərbiləşmə siyasətini dəstəkləmək səyləri bölgəmizdə yeni qarşıdurmalara sürükləyən siyasətin təşviq olunmasıdır.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu  bildirdi ki, Avropa İttifaqının mandatı bəlli olmayan, hüquqi əsasları bəlli olmayan şəkildə və üslubda Ermənistan Azərbaycan sərhədinə müxtəlif qüvvələr yerləşdirilməsi əlbəttə ki, sülhə xidmət etmir:

"Bu, Ermənistan-Azərbaycan arasındakı münasibətlərin daha da kəskinləşməsinə xidmət edir. Əslində bu missiyanın nə ilə məşğul olacağı bəlli deyil. Çünki əgər söhbət missiyanın sülhə xidmət etməsindən gedirsə, Azərbaycan müharibədən dərhal sonra sülhlə bağlı niyyətini bəlli edib və sülh təkliflərini irəli sürübdür. Aqressiv davranan isə Ermənistandır. Belə olan halda bu missiyanın fəaliyyətinin mənası da aydın deyil. Belə çıxır ki, Avropa İttifaqındakı bəzi qüvvələr Fransanın təhriki ilə regionda daha çox vəziyyətin gərginləşməsində maraqlıdırlar. Əks təqdirdə, Azərbaycan sülh istədiyi halda belə bir missiyanın və bəzən də bu missiyanın hərbi və ya yarımhərbi formada Ermənistan ərazisinə daxil olmaları, missiyaya qoşulan ölkələrin coğrafiyasının genişlənməsi, Kanadanın da okean nota ilə bu işə maraq göstərməsi ondan xəbər verir ki, Avropa İttifaqının regionla bağlı perspektiv planlarında sülh birinci yerdə deyil və yaxud prioritet deyil. Ona görə də mən düşünürəm ki, Avropa İttifaqı bu qərarını bir daha nəzərdən keçirməlidir, gözdən keçirməlidir. Bunun əvəzinə Ermənistan və Azərbaycanı beynəlxalq hüquq əsasında sülhə təşviq etməlidir. Mən düşünürəm ki, burada da daha çox Ermənistana təzyiq göstərməlidir ki, nəticə etibarilə sülh alınsın.

Humay İSGƏNDƏRLİ