"İran ikili-üçlü oynayır"

 17:42 15.11.2023     343

Bildiyimiz kimi, İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi "X" hesabında yazıb ki, Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyi yalnız Azərbaycan qanunları ilə tənzimlənməlidir.

Bir neçə gün əvvəl isə İranın Ermənistandakı səfiri Mehdi Sübhani erməni mətbuatına müsahibəsində Qarabağ ermənilərinin öz müqəddəratını təyin etməsi haqqında sərsəm bəyanatla çıxış etmişdi.

Yenə də İranın mövqeyi çaşdırıcı olaraq qalmaqdadır.

Maraqlıdır, ölkələrimiz arasında münasibətlər bundan sonra hansı məcrada inkişaf edəcək?

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Samir Hümbətov dedi ki,  İran hər dəfə bir sözü bizim xeyrimizə, digərini isə əksimizə danışıb:

"Bir neçə gün öncə İranın Ermənistandakı səfiri bildirdi ki, Qarabağda yaşamış ermənilərin hüquqları bərpa olunmalıdır və s. Bu cür sərsəm açıqlamalar verdi. Ondan da qabaq İbrahim rəisi Azərbaycan prezidenti ilə görüşdü və bildirdi ki, bəs biz sevinirik ki, Azərbaycan əzəli, əbədi ərazisinə qovuşub. Azərbaycanın bu qələbəsinə sevindiyini göstərdi. Əslində bu "boğazdan yuxarı" deyilən sözdür. Amma məsələnin ən önəmli tərəfi odur ki, İran artıq uzun müddətli, hətta xarici işlər nazirləri səviyyəsində səfirliyin orada fəaliyyətə başlamasını istəyir.

Çünki bizim İsraildə səfirliyimiz fəaliyyət göstərir, amma İranda göstərmir. Bizim yalnız Təbrizdə Baş Konsulluğumuz fəaliyyət göstərir. Ona görə də mənim şəxsi düşüncə və yanaşmam bundan ibarətdir ki, İran səfiri paylaşımında eyham vurur ki, yəni Qarabağa ermənilər yenidən qayıtmalıdır. İkincisi, bu açıqlamanı verməklə həm Ermənistanın könlünü xoş tutmağa çalışır ki, Qarabağa ermənilər qayıtsınlar. Digər tərəfdən Azərbaycan qanunları çərçivəsində deməklə həm də burada Azərbaycanın da qəlbini qırmaq istəmir ki, barışmaq məsələsi gündəmə gələndə birdən Azərbaycan səfirliyin fəaliyyətini bərpa etməsindən daşına bilər. İran ikili-üçlü oynayır. Onların səmimi bir fikir bildirdiyinə inanmıram.

Yəni  apardığım araşdırma və təcrübələrin nəticəsi olaraq bu qənaətə gəlirəm. Amma hər halda açıqlama veribsə də, açıqlamadan daha çox edilən hərəkətlərə fikir verməliyik. Deyilən sözlər deyilib gedir, amma önəmli olan onların davranışı nədən ibarətdir və o davranışa uyğun olaraq biz qiymətləndirə bilərik ki, İran bu məsələdə səmimidir, ya yox".

Humay İSGƏNDƏRLİ