"Ermənistanı yeni bir toqquşmaya hazırlayırlar"

 13:33 16.11.2023     348

Azərbaycanın Ağdam rayonunda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində xidmət edən türkiyəli hərbçilərin fəaliyyət müddəti daha bir il uzadılıb.

Müvafiq qərar Türkiyə parlamenti tərəfindən qəbul edilib.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Naqif Həmzəyev bildirdi ki, Şuşa bəyannaməsinin müddəaları var.

Onun sözlərinə görə, hazırda rus sülhməramlıları da tam olaraq Azərbaycan ərazilərini tərk etməyib:

"Onların mandatı da başa çatmayıb. Bu baxımdan da bilirsiniz ki, Rusiya-Türkiyə Koordinasiya Mərkəzi sülhməramlılarının fəaliyyətini analiz etmək və ümumiyyətlə, bu ərazidə baş verən prosesləri tam nəzarətdə saxlaya bilmək üçün fəaliyyət göstərirdi. Mən düşünürəm ki, qardaş dövlət olan Türkiyə hərbçilərinin Azərbaycanda qalma müddətinin bir ildə uzadılması yerində atılmış bir addımdır. Hələ Ermənistanla da sülh anlaşması tam olaraq yekunlaşmayıb. Biz ümid edirik ki, yaxın günlərdə artıq irəliləyiş olma ehtimalı var və bu il baş tutmasa da, gələn ildə sülh anlaşması imzalana bilər. Ancaq təəssüflər olsun ki, Ermənistanı dəstəkləyən bəzi dövlətlərin aktiv şəkildə silahların verilməsini həyata keçirməsi də regionda hələ problemin tam həll olunması demək deyil. Yəni Ermənistanı sanki yeni bir münaqişəyə, yeni bir toqquşmaya hazırlayırlar. Bu baxımdan da mən düşünürəm ki, türk hərbçilərinin Azərbaycanda qalma müddətinin artırılması çox yerində atılmış bir addımdır. Qardaş dövlətə, Türkiyəyə, türk hərbçilərinə dərin təşəkkürümüzü bildiririk ki, həmişə Azərbaycanın yanındadırlar".

Həmidə İBRAHİMLİ