"Öncə tərəfli yanaşmanı ortadan qaldırmalıdırlar" - Fazil Mustafa

 16:40 16.11.2023     451

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O-Brayn deyib ki, Ermənistanın özünü idarə etməsi və Rusiya sülhməramlılarının beş illik fəaliyyət müddəti başa çatdıqdan sonra çıxarılması üçün daha stabil yol tapılmalıdır.

"Biz bunu yalnız ortaya çıxan sülh razılaşması üzərində dərindən məşğul olduğumuz zaman edə bilərik. Biz kənarda qalsaq Rusiya sərhədə nəzarət etməyə davam edəcək",- deyə o qeyd edib.

Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa qeyd etdi ki,  ABŞ-ın bölgəyə diqqətinin artması, Zəngəzur dəhlizinin tranzit xətlərinin açılması ilə bağlı müəyyən irəliləyişin olması müsbət bir tendensiyadır.

Onun sözlərinə görə, Ermənistana daha çox təsir edə bilən ölkələrin başında Amerika Birləşmiş Ştatları gəlir:

"Onlar təbii ki, bölgədə daha çox sülhün bərqərar olunmasında maraqlıdırlarsa, tərəfli yanaşmanı birinci ortadan qaldırmalıdırlar. Hər iki tərəflə sağlam, səmimi dialoqa girməlidirlər. Bu olarsa, bölgədə bizim həll edə bilmədiyimiz məsələ yoxdur. Bunun üçün də ilk növbədə yolların açılması çox önəmli şərtdir. Burada razılığa gəlinməlidir, çünki sülh müqaviləsində  birinci şərt yolların açılmasından asılıdır. Əgər belə bir iradə bəyanı olarsa və reallaşarsa, onda sülh müqaviləsinin elə bir çətinliyi olmayacaqdır və bunu gerçəkləşdirmək bu ölkələrin özünün əlində olacaq".

Həmidə İBRAHİMLİ