"ABŞ-ın əlində Ermənistanı buna təşviq etməyin kifayət qədər mexanizmləri var"

 16:54 16.11.2023     394

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib ki, sentyabrın 11-də Azərbaycan sülh sazişinin 5-ci düzəliş edilmiş variantını müvafiq izahlı qeydləri ilə birlikdə ikitərəfli kanallar vasitəsilə Ermənistan tərəfinə çatdırıb ki, Ermənistanın cavabının tezliklə təqdim ediləcəyi gözlənilir.

"Bu ilin sonunadək sülh müqaviləsini imzalamağa hazır olması barədə ictimai bəyanatlarına baxmayaraq, Ermənistan tərəfi sənədin öz variantını təqdim etməyi iki aydan çoxdur ləngidir", - deyə o qeyd edib.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün parlamentdə çıxışı zamanı Ermənistanın Azərbaycanla sülh müqaviləsini imzalamağa hazır olduğunu, buna siyasi iradələrinin çatdığını bildirib.

Bəs, Ermənistan niyə hələ də sülh müqaviləsini imzalamağı uzadır?

Məsələ ilə bağlı Redaktor.az-a danışan Fazil Mustafa bildirdi ki, Hikmət Hacıyevin məntiqi kifayət qədər yerindədir.

Onun sözlərinə görə, Azərbaycan tərəfi dəfələrlə bəyan edir ki, artıq sülh müqaviləsini imzalamağa hazırdır və hər hansı bir şəkildə Azərbaycanın bu kimi məsələlərdə qınanılası yeri yoxdur:

"Çünki təkliflər bizim tərəfimizdən daha çox səsləndirilir, Ermənistan isə prosesi ləngidir.  Amerikadan hansı dəstək, hansı mövqe gələcək bunu səsləndirməyə çalışır. Çünki müstəqil deyil, müstəqil olsa, özü qərar vermiş olsa, bunu edər. İndi son günlər Amerika Birləşmiş Ştatlarının bu istiqamətdə məsələyə yanaşması bir az Ermənistanın özündə də fikir dəyişikliyini yəqin ki, ortaya qoyacaq. ABŞ bu mövqeyində səmimi olsa və sülh müqaviləsinin bağlanmasına maraqlı olsa, bunu etmək onun əlində elə də çətin deyil. Ermənistanı buna təşviq etməyin mexanizmləri onda kifayət qədər var və biz problemsiz bu məsələlərə yanaşa bilərik. Məsələnin həlli yolunu tapa bilərik və tezliklə sülh müqaviləsi imzalana bilər".

Həmidə İBRAHİMLİ