"Gürcüstan fakt qarşısında qala bilər" - Sədrəddin Soltan

 17:49 16.11.2023     516

Xəbər verdiyimiz kimi, “3+3” formatı bundan sonra “3+2” şəklində olacaq. Belə ki, indiyədək “3+3” (Azərbaycan-Gürcüstan-Ermənistan-Türkiyə-Rusiya-İran) olan format bundan sonra “3+2” (Azərbaycan-Ermənistan-Türkiyə-Rusiya-İran) şəklində olacaq.

Bu məlumat Azərbaycan Xarici İşlər Nazirliyinin ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Braynın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində verdiyi açıqlamalarına dair şərhində yer alıb.

Yəni, Gürcüstan artıq bu formatdan uzaqlaşdırıldı və iştirak etməyəcək. 

Gürcüstanın Fransanın Ermənistana verdiyi hərbi texnikaları öz ərazisindən keçməsinə şərait yaratmasının ardınca Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze bu gün Ermənistana səfərə gedib. 

Maraqlıdır, baş verən hadisələrin fonunda daha nələrin şahidi olacağıq? Proseslərin bir-biri ilə əlaqəsi varmı?

Məsələlər bağlı fikirlərini Redaktor.az-la bölüşən Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri, politoloq Sədrəddin Soltan dedi ki, “3+3” formatından Gürcüstan özü özünü xaric edib:

"3+3" formatı elan olunanda Gürcüstan bu formatda iştirak etməyəcəyini açıqlamışdı. Bunu da Rusiya ilə əlaqələndirmişdi. Odur ki, Fransadan hərbi texnikanın Ermənistana ötürülməsi məsələsi ilə "3+2" formatının heç bir əlaqəsi yoxdur. Fransadan gələn hərbi texnikanın Ermənistana ötürülməsi, Gürcüstan və Azərbaycanın ikitərəfli münasibətlərinə problem yarada bilər. Azərbaycanın Gürcüstana olan etimadına, etibarına xələl gətirə bilər. Gürcüstan rəsmilərinin Azərbaycanla bağlı açıqlamalarının səmimiliyinə problem yarada bilər. Yəni onun "3+2" formatına aidiyyatı olsa belə azdır. Amma Azərbaycan tərəfi "3+2" formatını ona görə elan edib ki, yəni bu formatda iştirak edən beş ölkə - Türkiyə, Azərbaycan, İran, Ermənistan, Rusiya burada əməkdaşlığa razılıq veriblər. Kim razılıq veribsə, o, tərəflərlə fəaliyyət göstərilir. Burada formal şəkildə "3+3" şəklində elan etməyə ehtiyac yoxdur. Bu nə regionun xeyrinədir, nə də regiondakı ayrı-ayrı ölkələrin. Odur ki, perspektivdə "3+2" formatı daha böyük regionun üzv ölkələrinin, yeni formatda iştirak edən ölkələrin iqtisadi inkişafına, əlaqələrinə, əməkdaşlığına töhfə verərsə, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına təkan verərsə, təhlükəsizlik, əməkdaşlıq və iqtisadi inkişafla bağlı məsələlərə əhəmiyyətli dərəcədə yardım edərsə, hə, onda Gürcüstan fakt qarşısında qala bilər. Bu Gürcüstana da formata qayıtmaq üçün imkan verər. Amma indiki şərtlər daxilində ərazisini işğal etmiş Rusiyayla Gürcüstan bir masa arxasında oturmağı özünə rəva bilmir, yaxud bu məntiqsizlikdir. Çünki torpaqlarını işğal etmiş bir ölkə ilə hansı əməkdaşlıqdan danışmaq olar? Ona görə də formatın işlək hala keçməsi üçün Gürcüstan kənarda saxlanılır və Gürcüstan bu tip məsələlərə cəlb olunmur. 5 ölkə "3+2" formatı çərçivəsində regioanl əməkdaşlığını davam etdirmək istiqamətində fəaliyyətə başlayacaq".

Humay İSGƏNDƏRLİ