ABŞ açıq-aşkar Azərbaycanı hədəf alıb - MƏQSƏD

 18:03 16.11.2023     546

İkinci Qarabağ müharibəsi bitdikdən sonra üç istiqamətdə - Moskva, Brüssel və Vaşinqton istiqamətində danışıqlar gedirdi.

Bunu Redaktor.az-a Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində keçirilməsi təklif olunan görüşdən Azərbaycanın imtina etməsi haqqında danışan politoloq Tural Əliyev dedi.

Onun sözlərinə görə, Azərbaycan da bu formatlarda görüşü davam etdirirdi ki, hər bir vasitəçi öz konstruktiv mövqeyini ortaya qoysun, konstruktiv təkliflərlə çıxış etsin və beynəlxalq qanunvericilik, yəni beynəlxalq qanunları da nəzərə alaraq Azərbaycanın ərazi bütövlüyünü tanısın:

"Ancaq son dönəmlərə, xüsusən də Qərbdən müşahidə edilir ki, Avropa İttifaqı istər xarici işlər naziri səviyyəsində, istər xarici işlər komissarı Cozef Borrel, həmçinin mediası belə bir fikir formalaşdırıblar ki, guya Azərbaycan hücuma hazırlaşır, Azərbaycanı bir aqressiv dövlət kimi təqdim etməyə çalışırlar. Əlbəttə ki, bunların heç birinin əsası yoxdur. Daha çox  Ermənistan vasitəsilə gəlib Qafqazda oturmaq istəyirlər. Həm də belə saxta əsaslar yaradaraq ki, guya Ermənistanın təhlükəsizliyinə təhdid var. Vaşinqton son günlər istər Konqresdə Nümayəndələr Palatasındakı müzakirələri, istər bəzi senatorları vasitəsi ilə  Azərbaycanı açıq-aşkar hədəf alıb. Vaşinqtonda keçiriləcək görüşdən rəsmi Bakı düzgün olaraq imtina etdi. Çünki vasitəçi olaraq birtərəfli yanaşmaq olmaz, o, neytrallığını qoruyub saxlamalıdır. Əgər bu gün ABŞ-da "Dağlıq Qarabağ" ifadəsi işlədilirsə, bu, birbaşa olaraq Azərbaycanın ərazi bütövlüyünə zərbədir, Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq qanunlar səviyyəsində tanınmasına şübhə yaradır. Bu baxımdan ABŞ-ın da vasitəçiliyinin heç bir mənası qalmır. Çünki vasitəçi tərəf birinci növbədə öz neytrallığını qoruyub saxlamalıdır, tərəflər arasında balanslı çıxış etməlidir. Əgər bu balans yoxdursa və birtərəfli açıqlamalarda ancaq Ermənistanın ərazi bütövlüyü məsələsi xüsusilə qabardılırsa, onda bu necə beynəlxalq öhdəlik ola bilər? Yəni ABŞ artıq rəsmi mövqe ortaya qoyur. Bu, artıq bir separatizmə dəstəkdir. Bu da istənilən halda Azərbaycanın haqlı olaraq kəskin reaksiyasına səbəb olur".

Humay İSGƏNDƏRLİ