"Bizə ABŞ-ın "sponsor"luğu lazım deyil, Ermənistanla vaxtı çatanda görüşərik" - Keçmiş diplomat
Xəbər verdiyimiz kimi, Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində keçirilməsi təklif olunan görüşdən Azərbaycan tərəfi imtina etdi. ABŞ Dövlət Departamentindən Azərbaycanın qərarına qarşı münasibət də bildirilib.
“Biz burada və ya başqa yerdə sülh danışıqlarını dəstəkləməyə davam edəcəyik. Biz hər iki tərəfi danışıqlarda iştirak etməyə çağırırıq”, - deyə ABŞ Dövlət Departamentinin Mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib.
Azərbaycanın qərarı ilə bağlı Redaktor.az-a danışan politoloq, sabiq diplomat Fikrət Sadıxov dedi ki, bizə ABŞ-ın Ermənistanla danışıqlar prosesində və sülh sazişinin imzalanmasında dəstəyinə ehtiyac yoxdur:
"Yəni, əgər ABŞ-ın bizə qarşı belə qərəzli münasibəti nümayiş olunursa, onlar qoy elə Ermənistanı dəstəkləsin. Bundan sonra da münasibətlərini daha da sıxlaşdırsın və biz özümüz öz siyasətimizin əsas istiqamətində atılan addımlarımızla davam edəcəyik. Bizə heç bir sahiblik edən, dəstəkləyən və dəstəkləməyən qüvvələr lazım deyil. Onlar biabırçı və qərəzli, Azərbaycana qarşı müzakirələr aparırlar. Belə bir nəticə çıxarmaq lazımdır ki, onlar əsas xarici siyasət prioritetlərinə, faktiki olaraq bir zərbə vurdu. Eyni zamanda, ikitərəfli münasibətlərimizin də çox mürəkkəbləşməsinə faktiki olaraq səbəb oldu. Biz Ermənistanla vaxtı gəlib çatanda görüşərik, sülh sazişi imzalayarıq və bizə ABŞ-ın "sponsor"luğu, dayağı, dəstəyi lazım deyil. ABŞ-a ehtiyacımız yoxdur".
Humay İSGƏNDƏRLİ