"İraqla ticari, sənaye və turistik əlaqələrimiz davam etdirilməlidir"

 17:37 20.11.2023     383

Xəbər verdiyimiz kimi, İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin ölkəmizə səfəri baş tutub. O, Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşüb. İki ölkə arasında müxtəlif sənədlər imzalanıb.

Eyni zamanda Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İraq Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu da imzalanıb.

Camal Rəşidin ölkəmizə səfəri ilə bağlı Azərbaycan-İraq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Cavanşir Paşazadə Redaktor.az-a danışdı.

Deputat dedi ki, İraq prezidentinin bölgəyə gəlməsi, ilk olaraq Azərbaycanı ziyarət etməsi Azərbaycan siyasətini dəstəkləməsi deməkdir:

"Təbii ki, Azərbaycandan sonra başqa ölkələrə də , 30 il torpaqlarımızı işğalda saxlayan Ermənistana da səfər edəcək. Azərbaycanda yaradılan şəraitlə tanış olması və sonradan Ermənistana getməsi Azərbaycan siyasətinin və iqtisadiyyatının nə qədər inkişaf etdiyini göstərir. Gələcəkdə İraq xalqı və dövləti ilə dostluğumuz, eyni zamanda onlarla olan həm ticari, həm sənaye, həm turistik, həm də digər sahələrdə dostluğumuz davam etdirilməlidir və etdiriləcək də. Çünki Azərbaycan ətraf ölkələrlə dostluğu möhkəmləndirir və İraq o dövlətlərdən biridir. İraq dövləti bizi həmişə başqa ölkələrdə siyasi olaraq dəstəkləyib.Ümid edirəm ki, bundan sonra da dəstəkləyəcək. Onların da öz azadlığını bərpa etməsində onlara dəstək olduq və təbii ki, bu dəstək davam etdiriləcək. Mən əminəm ki, İraq prezidentinin burda olması və Azərbaycanla yaxından tanış olması, Ali Baş Komandanın qəbulunda olması, müəyyən sazişlərin imzalanması bizim gələcək İraq - Azərbaycan dostluğunun bir daha güclənməsinə və iqtisadiyyatımızın daha da inkişaf etməsinə səbəb olacaq".

Humay İSGƏNDƏRLİ