"Prezident buna görə Fransaya xəbərdarlıq edir" - AÇIQLAMA
"Prezidentin çıxışında Fransanın Ermənistanı silahlandırması ilə bağlı məsələyə toxunması çox önəmli məsələdir. Çünki son dövrlər Fransanın həm raket sistemlərinin, həm də döyüş texnikalarının Ermənistana verilməsi ilə bağlı kifayət qədər məlumatlar var. Özləri də təkzib etmirlər. Bu onu göstərir ki, Fransa açıq şəkildə separatizmə dəstək verməyə, bölgədə sülhün qarşısını almağa çalışır".
Bu sözləri politoloq Samir Hümbətov Fransanın Ermənistanı silahlandırması ilə bağlı Redaktor.az-a açıqlamasında dedi.
Onun sözlərinə görə, Prezident xəbərdarlıq edir ki, baş verən istənilən qarşıdurma, hərbi toqquşma, müharibənin məsuliyyəti ona dəstək verən qüvvələrdə, o cümlədən Fransanın üzərindədir:
"Yəni zaman-zaman görürük ki, Azərbaycana qarşı aktiv formada ittihamlar səslənməkdədir və Fransanın dəstək verdiyi media orqanları, bəzi qurumlar tərəfindən bu proses gedir. O cümlədən Avropa İttifaqı tərəfindən son dövrlər bunu görürük. Yəni, əslində məqsədyönlü şəkildə atılmış addımlardır. Çünki Aİ mülki missiyası adı altında keçmiş hərbçilərini gətirib Ermənistanın özünün şərti sərhəddində yerləşdiriblər. Bu məsələlər hamısı önəmlidir. Mən də düşünürəm ki, Prezidentin bu məsələyə toxunması ondan xəbər verir ki, Azərbaycan tərəfi yaxın zamanlarda Fransanın edə biləcəyi təxribat hallarının indidən qarşısının alınmasını istəyir. Əks təqdirdə baş verə bilən istənilən məsuliyyət Ermənistanın və Fransanın üzərindədir".
Həmidə İBRAHİMLİ