"Ermənistanın başqa yolu yoxdur, gec-tez əsir düşən əsgərlərimizi qaytaracaq"

 12:42 22.11.2023     320

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Azərbaycan tərəfindən indiyə qədər 100-ə yaxın erməni əsirin geri qaytarılmasına baxmayaraq, Ermənistan tərəfinin bunun müqabilində sərhədi səhvən keçərən əsir götürülmüş şəxslərin geri qaytarılması barədə etimad quruculuğu səylərini pozması, 2 nəfər Azərbaycan hərbçisini əsir götürməsi, Ermənistan tərəfinin saxlanılan şəxslərin geri qaytarılması məsələsinə ciddi yanaşmadığını göstərdiyini bildirmişdi.

Bəs həmin əsirlərimizin qaytarılması məsələsi necə olacaq? Onlar qaytarılacaqmı?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Sahib Alıyev dedi ki, Ermənistan dumandan azaraq sərhədi keçən əsirlərimizi gec-tez qaytaracaq:

"Başqa yolları da yoxdur. Amma məsələ burasındadır ki, indiyədək onların bunu etməmələri özlərinin xislətlərindən irəli gəlir. Eyni zamanda bunun arxasında havadarlarının dəstəyi də var. Həmin havadarlar əgər doğrudan da regionda sülh istəyirlərsə, əgər doğrudan da göründüyü kimi, Ermənistanın maraqlarından çıxış edirlərsə, onda həmin dövləti konstruktiv addımlar atmağa, əsirlərimizi geri qaytarmağa, birinci Qarabağ savaşı zamanı itkin düşənlərin, qətlə yetirilənlərin, kütləvi məzarlıqların yerini göstərməyə, minalanmış ərazilərin xəritəsini verməyə səsləməlidirlər. Təəssüf ki, bu yoxdur, əksinə, Ermənistanın silahlandırılması var. Ona görə də bu cür hallar qarşı tərəfi öz xislətinə uyğun şəkildə yenə də əvvəllər yaxşı bildiyimiz siyasəti davam etdirməyə ruhlandırır. Digər məsələlərdə necə məcbur etmişiksə, bu məsələlərdə də qarşı tərəfi məcbur edəcəyik və onlar gec-tez bizim dumanda yolu azaraq əsir düşən əsgərlərimizi qaytaracaq".

Humay İSGƏNDƏRLİ