"ABŞ və Fransanın tutduğu mövqe bölgədə ciddi qarşıdurmanın yaranmasına səbəb ola bilər"

 17:28 22.11.2023     335

ABŞ Senatı bir neçə gün öncə “2023-cü il erməniləri müdafiə aktı”nı imzaladı.  ABŞ dövlət katibi Antoni Blinken vurğulayıb ki, Amerika Qarabağdan ermənilərin köçünə görə Azərbaycanı cəzalandırmaq istəyir və ABŞ Azərbaycana hərbi yardımı davam etdirmək fikrində deyil. Söhbət Amerikanın Azərbaycana hər il etdiyi 100 milyon dollarlıq hərbi yardımdan gedir. Bu həm də o deməkdir ki, 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək" Aktına qəbul edilən 907-ci düzəliş-Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan düzəliş-yenidən qüvvəyə minə bilər.

Digər tərəfdən, Fransa Ermənistanı ciddi şəkildə silahlandırır. Həmişə olduğu kimi Azərbaycana yalnız sözdə dəstək var, əməldə isə Ermənistan dəstəklənir.

Ümumi olaraq proseslər sülh müqaviləsinə necə təsir edəcək? Ermənistana bu cür dəstəklər nəyə gətirib çıxaracaq?

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Samir Hümbətov dedi ki, həm ABŞ-ın, həm də Fransanın əvvəlki fəaliyyətinə bələdik:

"Yəni ATƏT-in Minsk qrupunun həmsədrləri olaraq onların fəaliyyəti göz qabağındadır. Daha doğrusunu desək fəaliyyətsizlikləri... Biz onu da gördük ki, açıq şəkildə həm Fransa, həm ABŞ, həm də elə Rusiyanın özü zamanla oynayıblar və Qarabağın işğalda qalmasını daha da uzadıblar. Amma son nəticədə Azərbaycan öz ərazilərini işğaldan azad etdi. İndi isə Azərbaycan artıq regionda yeni bir mərhələ başlatdı. Həmin dövlətlər bunu qəbul edə bilmirlər. Yəni ATƏT-in keçmiş Minsk qrupunun həmsədrləri yeni reallığı qəbul edə bilmir və açıq şəkildə münaqişənin bitməsini qəbul etmək istəmirlər, yeni - yeni münaqişə qızışdırmağa çalışırlar. Bu baxımdan da həm ABŞ-ın 907-ci düzəlişlə bağlı qəbul etdiyi qərar, həm Ermənistanı silahlandırmaq cəhdlərini dəstəkləməkləri, həm də Fransanın açıq şəkildə Ermənistanı silahlandırması, eyni zamanda Hindistandan Ermənistana silah tədarükünün davam etdirilməsi açıq şəkildə göstərir ki, onlar bölgədə sülhün olmasını istəmirlər.

Faktiki olaraq, bu dəqiqə üçün görünən odur ki, sülh danışıqları prosesi dayanıb. Düzdür, Ermənistan tərəfi açıqlayır ki, biz ilin sonuna qədər müqaviləni imzalaya bilərik.  Amma bu cəfəngiyat fikir kimi dəyərləndirilə bilər. Çünki ortada sülh danışıqları yoxdursa, bu müqavilə necə imzalana bilər?  Azərbaycan prezidentinin köməkçisi cənab Hikmət Hacıyev açıqlamalarının birində belə fikir səsləndirdi ki, son iki aydan çoxdur ki, Ermənistana sülh danışıqlarıyla bağlı beşdən yuxarı paket təklif etmişik və hələ heç birinə cavab gəlməyib. Bu o deməkdir ki, Ermənistan faktiki olaraq dünya ictimaiyyətinə danışıqlar prosesində imitasiya edir. Guya sülh istəyən dövlət kimi özünü göstərir, amma arxada  silahlanmaya gedir. Məncə, həm ABŞ-ın, həm Fransanın tutduğu bu mövqe açıq şəkildə sülhü pozan, təhdid edən və ümumiyyətlə sülhə imkan verməyən proses kimi dəyərləndirilə bilər. Nəticəsi də heç də yaxşı sonluq verməyə bilər. Hətta deyərdim ki, yenidən bölgədə münaqişənin qızışdırılmasına və ciddi qarşıdurmanın yaranmasına səbəb ola bilər".

Humay İSGƏNDƏRLİ