"Bunu dələduzlardan ibarət ATƏT-in Minsk qrupunun vasitəçiliyində görürdük"
"Mən uzun illər bu məsələlərlə maraqlanan, müşahidə edən və nəticə çıxardan bir şəxs kimi deyə bilərəm ki, bu danışıqlarda hər hansı bir üçüncü tərəfin iştirakı 99 faiz həmişə danışıqların əleyhinə işləyib".
Bu sözləri Redaktor.az-a açqılamasında Milli Məclisin deputatı Elman Məmmədov noyabrın 30-da Ermənistan-Azərbaycan sərhədində delimitasiya komissiyasının iclasının keçirilməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, üçüncü tərəf kim olubsa, həmişə onun özünəməxsus maraqları olub:
"Bu da danışıqlara xeyir verməkdən çox, ziyan verib. Biz bunu uzun illər mənim həmişə beynəlxalq turizm şirkəti adlandırdığım dələduzlardan ibarət ATƏT-in Minsk qrupunun vasitəçiliyində görürdük. Yəni burada hər dövlətin özünün strateji maraqları vardı. Ona görə danışıqlar heç bir nəticə vermirdi. Ən düzgün variant tərəflər arasında təkbətək görüşün olmasıdır. Çünki bu görüş nə üçün keçirilir? Bu danışıqlar nə üçün keçirilir? İki dövlət arasındakı münasibətlərin tənzimlənməsi üçün. Sərhəd məsələləri, digər məsələlər var. Yəni burada maraqlı tərəflər bu iki dövlətdir. Üçüncü tərəf çox təsadüfi hallarda xeyir verə bilən tərəf olur. Əksər halda gizlin və pərdəarxası da olsa, üçüncü tərəflərin həmişə özlərinin maraqları olur və o maraqlar çərçivəsində orada iştirak edib çıxış edirlər. Mən hesab edirəm ki, bütün məsələlərlə bağlı Azərbaycan və Ermənistan özü başqa ölkələrin ərazisində yox, özlərinin razılığa gələrək elə sərhəd bölgəsində görüşlərin təkbətək keçirilməsi daha münasibdir və daha xeyirli olar".
Həmidə İBRAHİMLİ