"Bu görüş perspektivdə liderlərin təkbətək görüşü üçün zəmin ola bilər" - AÇIQLAMA
"Azərbaycan tərəfinin son zamanlar elan etdiyi və irəli sürdüyü birbaşa görüşə Ermənistan tərəfi cavab verib və bildirib ki, təkbətək görüşlərə hazırdılar. Eləcə də həmin gün delimitasiya üzrə sərhədyanı bölgədə komissiyaların görüşünün keçirilməsinə razılıq verilib. Bu nədir? Bu o deməkdir ki, Azərbaycan və Ermənistanın uyğun komissiyası üçüncü tərəf olmadan sərhədlərini özləri müəyyənləşdirəcək".
Bu sözləri Redaktor.az-a açıqlamasında politoloq Sədrəddin Soltan noyabrın 30-da Ermənistan-Azərbaycan sərhədində delimitasiya komissiyasının iclasının keçirilməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, sərhəd məsələsində üçüncü, dördüncü və çoxsaylı tərəflər olanda müxtəlif problemlər yaranır:
"Yaxud tərəflər arasında mübahisə yarananda üçüncü tərəf mübahisəli məsələlərdə tərəflərdən birini müdafiə etdikdə, ya dəstəklədikdə münaqişəyə və sairəyə çevrilə bilir. Ən yaxşısı isə tərəflərin öz aralarında mübahisəli və şübhəli məsələləri həll etməsi daha məqbuldur. Hesab edirəm ki, keçiriləcək bu görüş uzun fasilədən sonra tərəflərin perspektivdə liderlərinin birbaşa təkbətək görüşü üçün də zəmin ola bilər.
Bu, Ermənistan-Azərbaycan arasında birbaşa görüşlər üçün əsas hazırlayır. Yəni perspektivdə bu, həm də tərəflərin bir-birinə etimadını, etibarını artıra bilər. Amma hələlik ilk görüşdür və ilk görüşün nəticəsi liderlərin görüşünə, növbəti işçi qruplarının görüşünə zəmin hazırlaya bilər. Bu, normallaşma üçün də əsas ola bilər. Eyni zamanda, üçüncü tərəfin, vasitəçilərin iştirakı olmadan Azərbaycan və Ermənistan tərəfi sübut edə bilər ki, iki tərəf rəsmi Bakı ilə İrəvan anlaşmağı bacarırlar. Yəni Ermənistan və Azərbaycan tərəfinin anlaşması üçün bir yol aça bilər".
Həmidə İBRAHİMLİ