"Britaniyanın bu məsələdə maraqlı tərəf kimi çıxış etməsi bizi sevindirir"

 17:02 23.11.2023     374

Bildiyimiz kimi, Böyük Britaniyanın Avropa və Şimali Amerika üzrə dövlət naziri Leo Dokerti ölkəmizdə səfərdə oldu. Ölkə Prezidenti İlham Əliyev də dövlət nazirini qəbul etdi. 

Görüş zamanı çıxış edən Britaniyanın dövlət naziri bir sıra məqamlara toxunub. Nazir söyləyib ki, Azərbaycansız Avropada sülh və təhlükəsizlik olmazdı.

"Azərbaycan yalnız Avropanın mühüm enerji təchizatçısı deyil, həm də Cənubi Qafqazın vacib, məsuliyyətli ölkəsidir və Azərbaycansız Avropada sülh və təhlükəsizlik olmazdı",- deyə Leo Dokerti bildirib.

Britaniyalı nazirin ölkəmizə səfəri haqqında Redaktor.az-a danışan Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Naqif Həmzəyev dedi ki, görüş zamanı həm cənab Prezident İlham Əliyev, həmçinin də qonaq nazir tərəfindən çox maraqlı fikirlər səsləndirildi:

"İlk növbədə onu qeyd etməliyik ki, BP-nin uzun illər bundan öncə Azərbaycanda fəaliyyətə başlaması və Azərbaycana sərmayə qoyması və bu müddət ərzində Azərbaycanda uğurlu fəaliyyət göstərməsi hər iki dövlət arasında qarşılıqlı etimadın olmasının bariz nümunəsidir. Xüsusilə də Azərbaycana sərmayə qoyuluşu da onu deməyə imkan verir ki, Cənubi Qafqazda məhz Böyük Britaniyanın ən yaxın tərəfdaşı Azərbaycandır. Xüsusilə də, hazırda Azərbaycan-BP münasibətlərində alternativ enerjiyə keçidlə bağlı birgə layihələrə start verilməsi də onu deməyə imkan verir ki, hələ uzun illər BP və Azərbaycan arasında əməkdaşlıq davam edəcəkdir.

Eyni zamanda, bilirsiniz ki, Azərbaycan torpaqlarını işğaldan azad edib və azad olunmuş ərazilərin minadan təmizlənməsində Böyük Britaniya yaxından iştirak edir. Bu da Azərbaycan tərəfindən xoş qarşılanır və demək olar ki, çox az sayda dövlətlərdəndir ki, Böyük Britaniya məhz Azərbaycanın ən ağır problemlərindən biri olaraq ərazilərinin minalardan təmizlənməsi işinə yaxından dəstək göstərir. Bütün bunlarla yanaşı, Azərbaycan separatizmin kökünü kəsdi və suverenliyini tam olaraq bərpa etdi və Azərbaycan - Ermənistan arasında sülhün imzalanması üçün demək olar ki, artıq elə də böyük bir maneə qalmayıbdır. Bu baxımdan ən yaxın zamanda sülhün əldə olunması Azərbaycan tərəfindən arzuolunandır və Böyük Britaniyanın bu məsələdə maraqlı tərəf kimi çıxış etməsi də bizi sevindirir. Qonaq nazirin də qeyd etdiyi kimi, regionda təhlükəsizliyin təmin edilməsi və sülhün əldə olunması Böyük Britaniyanın da maraqlarını əks etdirməkdədir.

Ümumiyyətlə, mən düşünürəm ki, bu səfər çox uğurlu bir səfər kimi dəyərləndirilməlidir. Xüsusilə də Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən Britaniyanın dövlət nazirinin Ermənistanla danışıqlar prosesi haqqında məlumatlandırılması və reallıqların qonaq nazirə çatdırılması da maraqlı məqamlardan biri kimi nəzərə alınmalıdır. Ümumilikdə, Azərbaycan regional təhlükəsizliyi önəmli hesab edir. Azərbaycan öz tərəfdaşları ilə həmişə açıq şəkildə bu proseslərlə bağlı məlumatlandırmanı həyata keçirir. İnanırıq ki, Ermənistan proseslərdə səmimi olacağı təqdirdə sülh əldə olunacaqdır".

Humay İSGƏNDƏRLİ