"Paşinyan cəsarət nümayiş etdirsə, sülhü əldə etmək olar" - DEPUTAT
ABŞ-nın Azərbaycandakı sabiq səfiri, ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, beynəlxalq ekspert Metyu Brayza Azərbaycanla Ermənistanın artıq vasitəçilərə ehtiyacı olmadığını bildirib.
"Azərbaycan və Ermənistan elə bir səviyyəyə gəlib çatıb ki, liderlər artıq sülh istədiklərini, həmçinin beş baza prinsipində, o cümlədən ərazi bütövlüyünün qarşılıqlı olaraq tanınması barədə razılığa gəldiklərini bəyan ediblər. Bu prosesə yeganə maneə separatçı rejim və Ermənistanın qanunsuz silahlı birləşmələrinin Qarabağda mövcudluğu idi. Bu problem də artıq aradan qaldırılıb. Sülh müqaviləsinin tezliklə imzalanması hər zamankından daha realdır. Mən son bir neçə aya qədər heç zaman sülh müqaviləsi barədə razılığın əldə edilməsinin bu qədər real olmasına dair açıqlama verməmişəm. Bu, indi daha çox mümkün görünür. Bu prosesi dayandıra biləcək yeganə hal Nikol Paşinyanın əleyhdarları olan radikal millətçilər, həmçinin ABŞ-də prosesin əleyhinə olan diaspor nümayəndələrinin siyasi sabotaja əl atması ola bilər".
ATƏT-in Minsk qrupunun keçmiş həmsədrinin bu fikirləri Redaktor.az-a şərh edən Milli Məclisin deputatı Hikmət Babaoğlu dedi ki, Brayzanın fikirlərində həqiqət var:
"Bir müddət öncə Azərbaycan Prezidenti də bəyan etmişdi ki, Ermənistan və Azərbaycan arasında sülhün əldə olunmasına artıq heç bir maneə qalmayıb. Son maneə 19 -20 sentyabrda aradan qaldırıldı. Mən düşünürəm ki, hazırkı mərhələdə Ermənistan və Azərbaycan arasında sülhü bir çox xarici mərkəzlər manipulyasiya edirlər. Ona görə də heç bir vasitəçi olmadan sülhə gedən yol ən kəsə yoldur. Çünki biz müharibədən ötən üç il müddətində müxtəlif mərkəzlərdə, müxtəlif formatlarda görüşlərin keçirildiyinin şahidi olduq. Amma eyni zamanda onun şahidi olduq ki, vasitəçilərin səyi daha çox sülhün əldə olunmamasına xidmət etdi. Çünki hər bir vasitəçi sülh üçün öz maraqlarını, özünün regional təsir mexanizmlərini yaratmağa çalışırdı. Çox xoşdur ki, ATƏT in keçmiş Minsk qrupunun sədri bu gün o qənaətə gəlib ki, ən yaxşı və ən etibarlı sülh iki tərəfin birbaşa danışıqlarında əldə oluna bilər. Azərbaycan belə bir mövqeyi təqdir edir. Ona görə də düşünürəm ki, əgər Ermənistan tərəfi yenə manipulyasiyalardan əl çəkərsə, özündə cəsarət taparsa və sülh üçün hazır olduğunu bəyan edərsə, sülhü ən qısa zamanda imzalamaq olar. Doğrudan da, sülhün olması üçün artıq heç bir maneə yoxdur. Tam əksinə, hazırda yaranmış bu optimal şərtlərdən istifadə olunmazsa, onda artıq bundan sonra sülhün əldə olunması daha da çətinləşə bilər. Hətta gələcək qarşıdurmalar üçün Ermənistan ərazisi poliqona da çevrilə bilər. Yaranmış bu optimal sülh pəncərəsindən istifadə etmək vacibdir. Hətta düşünürəm ki, bəlkə də bu sonuncu şansdır".
Keçmiş həmsədrin sülhə mane olan proseslərlə bağlı çıxışına gəlincə Millət vəkili vurğuladı ki, həmsədrin fikirləriylə razılaşır:
"Çünki Ermənistanda olan radikallarla xaricdə yaşayan erməni lobbisi, o cümlədən daşnak partiyası birlikdə fəaliyyət göstərirlər. Amma onların artıq indiki vəziyyətdə Paşinyan hakimiyyətini təhdid edəcək gücləri yoxdur. Çünki istər müharibədən sonra keçirilən seçkilərdə, istərsə də ondan sonrakı mərhələdə və ən nəhayət 19 - 20 sentyabrda Azərbaycanın həyata keçirdiyi antiterror əməliyyatlarından sonra Paşinyana qarşı olan qüvvələr, radikallar konkret addım atmağa qadir ola bilmədiklərini göstərdilər. Onların təşkilatlanması Paşinyanı təhdid edəcək səviyyədə deyil. Paşinyan cəsarət nümayiş etdirsə, əminəm ki, sülhü əldə etmək olar".
Humay İSGƏNDƏRLİ