"Peskovun açıqlaması təxribatyönümlüdür, adamlar hələ də eyforiyadan ayıla bilmirlər"

 12:47 27.11.2023     531

Bildiyimiz kimi, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov müsahibəsində bildirib ki, Qərb ölkələri Qarabağ ətrafında sabitliyi pozmağa çalışır və regionda Rusiyaya qarşı mübarizə aparır. 

Peskov əlavə edib ki, 3, 4, 5 il əvvəl də oxşar mübarizə diplomatik maskalarla aparılıb:

"İndi bu maskalar çoxdan atılıb və döyüş birbaşa, açıq üzlə aparılır. Həqiqətən də, bir sıra dövlətlər hələ də Qarabağ ətrafında sabitliyi pozmağa çalışırlar. Yeri gəlmişkən, Azərbaycan rəsmən bəyan etdi ki, birtərəfli mövqe tutan ölkələr çətin ki, hansısa vasitəçilik roluna iddia edə bilsinlər. Və təbii ki, belə birtərəfli mövqe tutaraq nəyisə iddia etmək həm qeyri-mümkün, həm də yersizdir”.

Peskov bu açıqlamasıyla nə demək istəyir? Rusiya Azərbaycanın tərkib hissəsi olan Qarabağda niyə olmalıdır? Onsuz da Rusiya sülhməramlıları 2025-ci ildə Qarabağdan çıxıb gedəcəkdi. 

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Samir Hümbətov söylədi ki,  Rusiya hələ də elə hesab edir ki, o, Qarabağda qalmalıdır:

"Hələ də ümid edir ki, orada yaşamış ermənilər geri qayıdacaqlar, Rusiya orada nəzarətçi olacaq. Əslində Rusiya Cənubi Qafqazı arxa bağçası kimi görür. Amma hələ də baş verən reallığı qəbul edə bilmir. Putinin Qarabağla, Azərbaycanla Ermənistanla və Cənubi Qafqazla bağlı açıqlamalarında görürük ki, adamlar hələ də eyforiyadan ayıla bilmirlər. Yəni düşüncələrində bir fikir var ki, necə ola bilər ki, 200-300 ildi Cənubi Qafqazdayıq, bir anda bizi faktiki olaraq oyundan kənara qoydular. Özləri də oyun kənarına düşdüklərini bilirlər, amma bunu tam qəbul edə bilmirlər. Peskovun açıqlaması o deməkdir ki, guya Rusiya Cənubi Qafqazda qalacaq, amma Qərb ölkələri onları qoymaq istəmir. Hələ də Rusiyanın o düşüncədə yaşadığını görürük.

Reallıq budur ki, artıq rotasiya adı ilə rus hərbçilərinin bir hissəsi çıxıb və onların da geri qayıdacağına mən ümid etmirəm. Yerdə qalan hissəsi də yaxın vaxta çəkiləcək. Bəlkə də 2025-ci ili gözləməyəcəklər. Burada beş dənə hərbçisi varsa, bunu hərbi baza kimi qiymətləndirməyə çalışırlar. Onların mediasını izləyəndə görürəm ki, çox vaxt hərbi baza ifadəsi işlətməyə çalışırlar. Amma anlamırlar ki, bura sülhməramlı adıyla gəliblər və onların qorumalı olduğu şəraiti pozan tərəflər çıxıb gediblər".

Politoloq hesab edir ki, Peskovun açıqlaması təxribatyönümlüdür.

"Bu açıqlamayla bağlı ya Rusiyanın Azərbaycan səfirliyi məlumat yaymalıdır, ya da özləri bu məsələni korrektə etməlidirlər. Bizə nə Qərb ölkələri, nə də Rusiyada lazımdır.  Qarabağda bizim ordumuz var, daxili qoşunlarımız var, dövlət strukturları qurulub. Rusiyanın marağı lazım deyil, öz marağım lazımdı. Mənim marağım da təmin olunub. Yəni Peskovun açıqlaması təxribatyönümlü açıqlama kimi dəyərləndirilməlidir", - deyə S.Hümbətov qeyd etdi.

Humay İSGƏNDƏRLİ