"Qərbin böyük günahı var, onlar 3 il ərzində Ermənistana təzyiq etməli idi"

 15:36 27.11.2023     323

"Qərbin Ermənistan üzərindən Qafqaza gəlməsi və yaxud da Qafqazda öz maraqlarını möhkəmləndirməsi, digər siyasi alət kimi istifadə etməsi üçün əlində yaxşı fürsətləri var idi. Ən azından Azərbaycanla Ermənistan arasında sülhə töhfə vermək üçün iki Qərb formatı var idi: Brüssel və Vaşinqton. Ancaq Qərb bu fürsəti boşa verdi. Nə baxımdan? Çünki 30 ildən artıq bir münaqişə Azərbaycan tərəfdən sonlandırıldı, separatizmə son qoyuldu. Burda bir problem yoxdur. Əslində problem olmamalıdır. Azərbaycan oradakı ermənilərə reinteqrasiya təklif etdi ki, vətəndaşlıq qəbul etsinlər, yaşasınlar. Noyabrın 20-də Vaşinqtonda bir görüş olmalı idi. İndi məntiqli sual ortaya çıxır. Niyə noyabr ayının 16-da dövlət katibinin köməkçisi O-Brayn Azərbaycan əleyhinə çıxış etdi? Vaşinqton görüşündən 5 gün qabaq ABŞ rəsmi səviyyədə Azərbaycana qarşı od püskürdü".

Bu sözləri Redaktor.az-a açıqlmasında politoloq Tural Əliyev son günlər gərginləşən ABŞ-Azərbaycan münasibətlərini şərh edərkən deyib.

Onun sözlərinə görə, burada bir neçə ehtimallar var:

"Birinci ehtimal ondan ibarətdir ki, ABŞ bütövlükdə Ermənistan-Azərbaycan məsələsinin yalnız Amerikanın vasitəsilə getməsini  və sülh müqaviləsinin yalnız Qərbdə imzalanmasını istəyir. Orada özünün müəyyən şərtləri varsa, o şərtləri də əlavə edə bilsin. İkinci ehtimallardan biri, İrandan açılacaq Zəngəzur dəhlizi Qərbi (xüsusən də Amerika Birləşmiş Ştatlarını) narahat edir. Ancaq burada Qərbin böyük günahı var. Çünki Qərb əslində üç il ərzində Ermənistana təzyiq etməli idi ki, kommunikasiyalarla bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirsin. Yəni əlində böyük imkanlar var idi ki, bu dəhliz Ermənistan ərazisindən açılsın. Amma Ermənistan açmadığı halda Azərbaycan alternativ  İran ərazisindən keçəcək dəhlizə razılıq verdi. Bundan sonra neylədi? Qərb ortaya əsası olmayan fikir atdı. Guya Azərbaycan Zəngəzuru işğal edəcək. Amma burada da Qərb özü qurduğu tələyə düşdü. Çünki Azərbaycanın belə bir niyyəti yox idi, əvvəldən də olmayıb. Azərbaycan yalnız və yalnız bunu bir sülh müqaviləsinin bəndi kimi təklif etmişdi. Həm də 10 noyabr bəyanatında əksini tapmışdı. Yəni Ermənistan bəyənata imza atmışdı.

Bu baxımdan Qərb gördü ki, əlindəki bütün alətlər çıxır və diplomatik cəhətdən daha da vəziyyəti ağırlaşdırmağa başladılar.  Bundan sonrakı proseslər Qərbin Azərbaycana qarşı münasibətindən asılı olacaq.  ABŞ başda olmaqla Qarabağı Azərbaycanın tam tərkib hissəsi olduğunu deməlidir və ora qayıdan ermənilər də Azərbaycan Respublikası vətəndaşlığını qəbul etməlidir. Azərbaycanda buna ən yüksək səviyyədə qarantiya verir.  Azərbaycan öz ərazi bütövlüyünü təmin edib, quruculuq işləri gedir. Yəni bundan sonrakı sülh müqaviləsi Ermənistanın özünə daha çox lazımdır. Bu baxımdan hazırda Qərb hər iki dövlətin ərazi bütövlüyünə hörmət edəcək bəyanatlar verməlidir və Azərbaycanın tam olaraq haqları tanınmalıdır. Ondan sonra Qərblə münasibətlərin yaxşılaşmasının şahidi ola bilərik. Yoxsa ultimatum dilində, şantaj dilində, təzyiq dilində nəticə verməyəcək. Əksinə, bu ritorika Qərbin özünə qarşı yönələcək".

Həmidə İBRAHİMLİ