Vaşinqtonla Bakı arasında "sular" durulur? - AÇIQLAMA

 12:03 28.11.2023     378

Xəbər verdiyimiz kimi, noyabrın 27-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Telefon söhbəti zamanı Prezident İlham Əliyev qeyd edib ki, ABŞ tərəfindən Azərbaycanla bağlı son bəyanatlar və atılan addımlar Azərbaycan-ABŞ münasibətlərinə ciddi zərər vurub.

Dövlətimizin başçısı 2023-cü il noyabrın 15-də ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Braynın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində ölkəmizlə bağlı səsləndirdiyi fikirlərin qərəzli olduğunu, həqiqəti əks etdirmədiyini və Azərbaycan tərəfindən rədd edildiyini bildirib.

Məlumat üçün deyək ki, NATO Əlaqələndirici Bürosunun rəhbəri Aleksandr Vinnikov da Azərbaycana səfər edib.

Məsələ ilə bağlı Redaktor.az-a danışan politoloq Sədrəddin Soltan dedi ki, Azərbaycanla ABŞ arasında zaman-zaman oxşar hadisələr baş verib.

"Son zamanlar baş vermiş gərginlik bəzi ABŞ rəsmilərinin Azərbaycana qarşı əsassız iddiaları və Ermənistanı dəstəkləyən mövqeyi ilə bağlı olub. Bu məsələdə  ABŞ-dakı erməni diasporunun rolu da az deyil. Ötən gecə ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib bir sıra məsələlər ətrafında danışmaları sübut edir ki, Azərbaycanla ABŞ arasında anlaşılmazlıqlar həll olunmaqdadır. Ona görə də ABŞ nümayəndəsinin Bakı səfərini də müsbət qarşılamaq lazımdır".

Onun fikrincə, ABŞ nümayəndəsinin Bakıya səfəri tərəflər arasında mübahisəli, anlaşılmaz məsələlərə aydınlıq gətirmək, eləcə də ABŞ-ın Azərbaycana qarşı qərəzli mövqeyinin səbəblərini araşdırmaqdır.

Həmidə İBRAHİMLİ