"Paşinyan düşünür ki, bu “şıltaqlıqları” uzun müddət davam etdirmək mümkün olmayacaq"

 15:40 28.11.2023     361

Ermənistanın Baş naziri Nikol Paşinyanın dekabrda Rusiyaya səfər edəcəyi gözlənilir.

O, MDB ölkələri liderlərinin qeyri-rəsmi ənənəvi görüşü və Avrasiya İqtisadi İttifaqının (Aİİ) rəsmi görüşü üçün Sankt-Peterburqa gedəcək. Bildirək ki, uzun müddətdir ki, Ermənistan Rusiyanın iştirakı ilə təşkil edilən platformalarda iştirakdan imtina edirdi.

Paşinyanın bu səfərini Redaktor.az-a şərh edən politoloq İlyas Hüseynov bildirdi ki, Nikol Paşinyan son dövrlər ciddi şəkildə Rusiyaya qarşı demarş siyasəti həyata keçirir.

Onun sözlərinə görə, Paşinyanın Rusiyanın təşəbbüsü ilə inşa edilən bütün platformaları baykot etməsi ciddi surətdə Moskvanı narahat edir:

"Nikol Paşinyan anlayır ki, bu addımları sonsuza qədər atmaq olmaz. Rusiya güclü dövlətdir və Ermənistanın iqtisadi, siyasi, enerji baxımından Kremldən asılılığı dərin məzmun daşıyır. Məhz bu səbəbdən Paşinyan artıq Rusiyaya səfər etmək qərarına gəlib və düşünür ki, bu “şıltaqlıqları” uzun müddət davam etdirmək mümkün olmayacaqdır. Çünki son dövrlər açıq surətdə Ermənistan tərəfi bütünlükdə rəsmi MDB, KTMT və Avrasiya İqtisadi Birliyi müstəvisində görüşlərdən imtina edirdilər. Hətta paradoksal bir vəziyyət yaranırdı. Belarusiyanın paytaxtı Minskdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının zirvə görüşündə Ermənistan yalnız öz bayrağı ilə təmsil olunurdu. Bu, əlbəttə Kremlin narazılığına səbəb olur.

Baxmayaraq ki, Rusiya-Ukrayna müharibəsi Rusiyanı tamamilə başqa bir müstəvidə düşünməyə vadar edir. Ermənistan da bundan istifadə edərək Qərbi regiona gətirir. Fransa silahlılarına əlçatanlığı təmin edir. ABŞ-la hərbi təlimlər keçirdir və ən acınacaqlısı Roma statunu ratifikasiya etməklə Vladimir Putinin Ermənistana gəlişini məhdudlaşdırır. Yaxud onun gəlişi baş tutarsa, Rusiya liderinin həbsi də gündəmə gələ bilər. Baxmayaraq ki, Ermənistanın Baş naziri nə qədər asılı bir vəziyyətdədir, amma Rusiyaya qarşı öz müqavimətini və açıq etirazlarını bildirməkdə davam edir. Düşünürəm ki, bu görüş yalnız bu yaranan narazılıqları aradan qaldırmaq, buzları əritmək baxımından qiymətləndiriləcək. Amma ümumilikdə Rusiya-Ermənistan münasibətləri o qədər pozulub ki, o qədər tərəflərin bir-birinə etimadı yox səviyyəsindədir ki, bunu hansısa görüşlə, telefon zəngi ilə aradan götürmək mümkün olmayacaqdır. Və mənə elə gəlir ki, qarşıda Rusiya-Ermənistan münasibətlərinin daha gərgin durumu gözlənilə bilər".

Həmidə İBRAHİMLİ