"Amerikanın siyasəti Ermənistanı yeni cinayətlərə sövq edir" - Deputat

 17:30 28.11.2023     278

Xəbər verdiyimiz kimi, bu gün ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Telefon danışığı zamanı bir neçə məsələlər müzakirə olunub. Prezident sülh sazişi məsələsinə toxunaraq bildirib ki, sülh müqaviləsinin mətni ilə bağlı Azərbaycan tərəfinin Ermənistana təqdim etdiyi təkliflərin cavabı 70 gün gecikdirilib.

ABŞ dövlət katibi Blinken İlham Əliyevdən münasibətlərin normallaşdırılması məqsədilə dekabrda ABŞ dövlət katibinin köməkçisi Ceyms O`Braynın Azərbaycana səfərinə icazə verilməsini xahiş edib. İlham Əliyev isə təkliflə bir şərtlə razılaşıb ki, bu səfərdən sonra Azərbaycanın yüksək səviyyəli rəsmilərinin ABŞ-a səfərlərinə qoyulan əsassız qadağa aradan qaldırılsın.

Milli Məclisin deputatı Ceyhun Məmmədov Redaktor.az-a açıqlamasında Amerikanın son dövrlər Azərbaycana qarşı sərgilədiyi münasibətin qəbuledilməz olduğunu dedi:

"Yəni bizə qarşı bu cür təxribatçı addımları, Qarabağ məsələsinin Konqresdə müzakirə olunması, sonra 907 ilə bağlı məsələlər və digər bütün məsələlər Amerika tərəfindən Azərbaycana qarşı düzgün olmayan addımlardır, təcavüzkar Ermənistan olduğu halda. Ermənistan bizə qarşı addımlar atmağa çalışdı və təxribatlar törətdi. Bu gün Ermənistana heç kim heç nə demir. Deyən yoxdur ki,  70 gündür niyə bu mətni qaytarmırsınız? Niyə sülh müqaviləsi imzalamırsınız? Niyə təxribatlar törədirsiniz? Eyni zamanda, Azərbaycan rəsmilərinə qadağanın qoyulması... Azərbaycan dəfələrlə bu məsələyə toxunub, bu cür münasibət qəbul edilməzdir. Ona görə bugünkü danışıqlarda da çox haqlı olaraq cənab Prezident məsələni vurğuladı, Amerika tərəfinin diqqətinə çatdırdı. Amerika tərəfi bu təxribatlara son qoymalıdır və bölgəyə sülhün gəlməsinə töhfə verməlidir. Hazırki dövrdə Amerikanın siyasəti Ermənistanı təxribatlara, yeni cinayətlərə sövq edir. Biz inanmaq istəyirik ki, Amerika tərəfi yenidən öz qərarlarına baxacaq və Azərbaycana qarşı haqsızlığa və ədalətsizliyə son qoyacaq".

Humay İSGƏNDƏRLİ