"Gərək 10 adamın yanına bir post-patrul xidməti qoyalar" - Politoloq ermənilərin Qarabağa qayıtmasından danışdı

 13:30 29.11.2023     321

Bildiyimiz kimi, ötən gün Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə açıqlamasında deyib ki, ermənilərlə azərbaycanlılar yanaşı yaşamalı olacaq.

"Biz buna ümid edirik və baş verməsi üçün hər şey edəcəyik. Ermənilərlə azərbaycanlılar ticarətlə məşğul olmalıdırlar, istisna etmirəm ki, bəzi ermənilər Azərbaycan ərazisində öz evlərinə qayıdacaqlar və bir müddət sonra azərbaycanlılar gəlib Ermənistanda məskunlaşacaqlar”, - deyə Simonyan qeyd edib.

Simonyanın bu çıxışını Redaktor.az-a şərh edən politoloq Samir Hümbətov dedi ki, Alen Simonyanın dediklərində haqlı tərəflər var:

"Nə qədər müharibə və düşmənçilik olsa da, sonunda bir barış və sülh olmalıdır. Yəni barışın, sülhün alternativi olmur. Nə qədər müharibə aparsan da sonra ona gəlməlisən. Qaldı ki, azərbaycanlıların Ermənistana qayıtması məsələsi bu qaçınılmazdır. Bizim dədə-baba torpaqlarımızdan haqsız yerə bizi deportasiya ediblər. Şəxsən mənim babalarım ordan deportasiya olunanlar sırasındadırlar. Ermənistanın nəhayi hədəfi görünür odur ki, bu cür yanaşma ilə, belə fikirlərlə beynəlxalq ictimaiyyətə bir mesaj verir ki, biz də sülhün tərəfdarıyıq. Məsələnin ən önəmli, ən maraqlı hissəsi odur ki, bunu "boğazdan yuxarı"mı deyirlər, yoxsa həqiqətən də ürəkdən istəyirlər? Söhbət bundan gedir.

Təcrübə göstərir ki, bu günə qədər verdikləri açıqlamaların hamısı bir-birinə daban-dabana zidd gəlir. Çünki bu gün açıqlama verirlər, aradan bir neçə gün keçir və yaxud bir neçə saat keçir, həmin fikri təkzib edirlər. Mən erməni sosial mediasını izləyirəm, orada ictimaiyyətlə keçirilən sorğulara baxıram. Təsəvvür edin ki, erməni vətəndaşları deyir ki, biz Nikol Paşinyanın xarakterini, düşüncəsini və danışığını tuta bilmirik. Siyasət belə bir anlayışdır ki, burada gərək dəqiq, düzgün və nəticəyönümlü fikir söyləyəsən və axıra qədər də gedəsən. Birinci mərhələdə Ermənistan Qarabağ ermənilərinin qayıtmasını deyir. Daha sonra isə azərbaycanlıların öz yurdlarına qaytarılmasını deyir. Fikirləşir ki, qaynayıb-qarışma prosesi getsin. Amma yaddan çıxarmaq olmaz ki, baş verən hadisə yadda qalıb. Şəhid analarının, övladlarının, qohum - əqrəbalarının yaraları sarılmayıb, ömürlük gözdən əlil olan qazilərimiz var, bədəninin bir hissəsini itirmiş insanlarımız var. Onların yaraları hələ təzədir. Qaynayıb-qarışma o qədər asan başa gələn iş deyil. 

Ermənistanda da eyni vəziyyətdir. Ölən adamların valideynləri elə Alen Simonyanın dediyini edəcəklər ki? Etməyəcəklər. Nəzəri baxımdan o gəlişi gözəl söz olsa da, praktiki olaraq həyata keçirilməsi bu gün üçün mümkün deyil. Ola bilsin ki, qarşıdakı dönəm üçün bu mümkün ola bilər. Məsələn, 5-10 ildən sonra mümkün ola bilər.  İndi mümkün olsa  gərək 10 adamın yanına bir dənə post patrul qoyalar, bu da əmələ gələn iş deyil axı. Zaman keçməlidir, yaddaşlarda bir balaca təzələnmə getməlidir ki, Simonyanın dediyi nəticə verə bilsin. Sülh müqaviləsini imzalaya bilərlər, bu problem deyil. Sənəd imzalayacaqlar, kommunikasiyalar açılacaq, sərhədlərdə post-patrul xidmətləri formalaşdırılacaq. Hər kəs öz postunu qoruyacaq. Amma insanların düşüncəsini qorumaq üçün post qoymaq mümkün deyil".

Humay İSGƏNDƏRLİ