"Onun cəzası amansız olmalıdır ki, bir daha xalqımıza qarşı bu cür terror hadisələri baş verməsin"
Bildiyimiz kimi, bir neçə gün əvvəl Bakıda doğulan erməni deputat Vilen Qabrielyan yenidən Azərbaycanda yaşamaq istədiyini bildirmişdi.
Azərbaycanlılara qarşı hərbi cinayətlərə görə mühakimə olunan Qarabağdakı separatçı rejimin keçmiş rəhbəri Araik Arutyunyan Azərbaycanda qalmaq və vətəndaşlıq almaq, hətta ailəsini də bura gətirmək arzusu ilə bağlı yerli mətbu orqanlarda xəbərlər yayılıb.
Ermənilərin Azərbaycana marağı, Azərbaycan vətəndaşlığını qəbul etmək arzusu nədən qaynaqlanır?
Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq İlyas Hüseynov dedi ki, Araik Arutyunyan istintaqın gedişində ailə üzvlərini Azərbaycana gətirmək istədiyini deyib:
"Eyni zamanda cəzasının müddəti bitdikdən sonra Azərbaycanda yaşamaq istəyir. Amma Vətən müharibəsi gedişində, ondan əvvəlki dövrdə Araik tamamilə başqa fikirdə idi. Maksimum dərəcədə azərbaycanlıları öldürmək, qətlə yetirmək, azərbaycanlılardan intiqam almaq, azərbaycanlıları məhv etmək onun əsas ideoloji düşüncəsi idi. Azərbaycanlılar onun üçün bir düşmən gözündə idi. Bu gün isə məzlum, timsah göz yaşlarını tökərək sanki bir əhvə sığınır, çalışır ki, Azərbaycan ona mərhəmət göstərsin, eyni zamanda vətəndaşlığı əldə etmək niyyətini ifadə edir. Bununla yanaşı olaraq Araik öz müsahibəsində Nikol Paşinyanı günahlandırır və bildirir ki, baş vermiş dəhşətli terror hadisəsində - Gəncə və Bərdənin bombalanmasında Paşinyan ona göstəriş verib və Araiki məcbur edib ki, bütün günahı boynuna götürsün. Bu da bir riyakarlıqdır, əlbəttə ki, ikiüzlülükdür. Çünki biz o videogörüntüləri yaxşı görmüşük. Biz bilirik ki, böyük sevinclə, şövqlə öz əhalisinə bəyan edirdi ki, bütün məsuliyyəti mən üzərimə götürürəm, mən bunu etmişəm. Burada heç də qorxaqcasına və yaxud təzyiqlə yetirilən əmrin bəyan olunması görünmürdü.
Eyni ilə biz bu sualı Paşinyana versək hansısa bir şəxsin adını çəkəcək, hansısa bir dövlətə işarə edəcək, hansısa bir səbəb tapacaq ki, məsuliyyətdən yayınsın. Bu erməni hiyləgər davranışlarını çox görmüşük və bu gün də Azərbaycan vətəndaşlığı iddiasını irəli sürərək çalışır ki, onun cəzası daha yüngül olsun. Ailəsinin olduğuna, üç qızının bura gətirilməsinə eyham vurur. Ermənistan cəmiyyətində, parlamentində, jurnalistləri arasında Bakıda doğulub böyüdüklərini və Bakıya yenidən qayıtmaq istədiklərini ifadə edənlər var. Mənə elə gəlir ki, burada bir saf niyyət yoxdur. Əslində sülh və birgə yaşayışla bağlı çox yaxşı səslənə bilər. Amma mənə elə gəlir ki, biz buna da hazır olmalıyıq. Yəni əgər sülh müqaviləsi imzalanacaqsa, ermənilər, necə ki, Azərbaycan ərazisində öz həyatlarını formalaşdırmağa çalışacaqlar, o cür də Qərbi Azərbaycanda repressiyalara məruz qalanlar, deportasiya olununlar da Ermənistan vətəndaşı kimi öz dədə-baba torpaqlarında fəaliyyətlərini davam etdirməlidirlər. Yəni bu proses qarşılıqlı olmalıdır".
Politoloq bir daha qeyd etdi ki, niyyət saf olacaqsa, təhlükəsizlik təminatı yüksək olacaqsa, bu, baş verə bilər:
"Bu gün Ermənistan cəmiyyətində biz bu saflığı hiss etmirik. Ermənistan cəmiyyəti kifayət qədər aqressivdir, radikal düşüncədədir, revanşizm əhval-ruhiyyəsindədir və daşnaksütyun, anakronizm kimi bu ideologiyalar onların bütün mənəvi dəyərlərini, insani dəyərlərini, bəşəri dəyərlərini məhv etmiş vəziyyətdədir. Bu gün Arayik və onun kimi şəxslərin səmimiyyətinə inanmaq çox çətindir. Çünki məlumdur ki, o, mühakimə altındadır və istintaqın gedişi zamanı bu cür manevrlər edir. Düşünürəm ki, onun cəzası çox sərt olmalıdır, amansız olmalıdır ki, bir daha Azərbaycan xalqına qarşı bu cür terror və qətliam hadisələri baş verməsin".
Humay İSGƏNDƏRLİ