"Yaxın zamanlarda Zəngəzurda, bəlkə Göyçə mahalında görüşlər mümkün ola bilər"

 17:55 30.11.2023     500

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan və Ermənistan Respublikaları arasında Qazax-İcevan sərhədində Baş nazirin müavini Şahin Mustafayevlə Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan və Ermənistan Respublikaları arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın beşinci görüşü keçirilib.

Görüşdə tərəflər delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiya arasında iclasların və birgə işçi görüşlərin təşkili və keçirilməsi Reqlamentinin mətnini ilkin olaraq razılaşdırıblar.

Tərəflər sərhədlərin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırılması üzrə işin başlanılması barədə sövdələşiblər, həmçinin komissiyaların görüşlərinin keçirilməsinin intensivləşdirilməsinə dair razılığa gəliblər. 

Keçirilən görüş və müzakirə olunan məsələlər haqqında Redaktor.az-a danışan Milli Məclisin deputatı Zahid Oruc dedi ki, ilk növbədə Qərb platformasında danışıqların, sülh gündəliyinin ciddi bir şəkildə beynəlxalq qüvvələr tərəfindən iflic edilməsi, ona qarşı ciddi qəsdlərin həyata keçirilməsi, Azərbaycan üzərinə ağır şərtlərin qoyulması, Birləşmiş Ştatlar tərəfindən prosesin onların diktəsi səviyyəsində sanki aparılması kimi bir vəziyyətdən sonra tərəflərin vasitəsiz görüşmək niyyəti bəyan ediləndən indiki yekun görüşə gəlinmiş oldu:

"Bu təşəbbüslə şübhəsiz ki, Azərbaycan dövləti çıxış etdi və indi nəticəyə görə deyə bilərik ki, bu uğurlu yanaşma olubdur. Diplomatik baxışlarımız, hesablamalarımız düzgün edilib və düşünürəm ki, bu prosesin irəliləməsi fonunda həqiqətən də biz kənar qüvvələrin əsl məqsədlərini daha açıqlığı ilə görəcəyik. Kim gerçəkdən də sülh üçün çarpışır, kimsə Ermənistan-Azərbaycan konfliktini uzun illər qafqazlarda saxlayaraq, onun başı üzərində qılınc çevirərək öz mənfur planlarını və məkrli siyasətlərini həyata keçirir.  

İndinin özündə Azərbaycan xalqının mütləq əksəriyyəti prosesi açıq müstəvidə görür. Lakin yenə də hər addımda, bəzən liberalizm, loyal məsələlər, demokratiya və insan haqları kimi epitetlər əsl məqsədləri müəyyən bir formada gizlədir.  Delimitasiya və demarkasiya komissiyasının Rusiyanın baş nazirinin müavini səviyyəsində tərəflərin görüşü həyata keçirilməkdədir. İndi artıq belə başa düşmək olar ki, əsasnamənin hazırlanması, hüquqi müstəvinin formalaşdırılması o deməkdir ki, tərəflər müəyyən bir iradəyə malikdirlər ki, bu reallaşdıran həyata keçirilsin. Buna ehtiyac var.

Bir çoxları dərhal sualı belə qoyurlar ki, sülh müqaviləsi imzalamadan, kommunikasiyaların açılması və delimitasiya, demarkasiya məsələləri mümkündürmü? Bu məsələyə cavab verənlərin 99 faizi mənfi cavab verirlər. Mən isə elə hesab etmirəm. Düşünürəm ki, subyektiv də görünsə, bizim tam əsasımız var ki, siyasi anlaşma mümkün olmayan yerdə iqtisadiyyatlar, kommunikasiyalar, ticarət və sair kimi proseslər özü bir yekun nəticəni hasil edib. Belə olan şəraitdə Qarabağ ətrafındakı vəziyyətə, bu gün Ermənistan hakimiyyətinin ən yüksək rəsmiləri, yəni Paşinyan başda olmaqla, Vaaqn Xaçatryan prezident olaraq, o cümlədən Alen Simonyan spiker kimi bəyan etdilər ki, Qarabağ məsələsini, onun strukturlarını Ermənistan üzərində saxlamağımız doğru deyil. Çünki Azərbaycanın bütövlüyünü tanımışıq və sülh danışıqlarında iştirak etmək istəyiriksə, onda prinsiplərimizə  sadiq qalmalı, ardıcıl addımlar atmalıyıq.

Tamamilə düzgün yanaşmadır, məhz uzun illər biz bunu istəmişik. Xüsusilə də son üç ildə Ermənistandan gözləntilər bundan ibarətdir. Cənab Prezident dəfələrlə "Azərbaycanın bütövlüyünü tanıyırsınızsa, Qarabağ onun tərkibi olaraq qəbul etdiyinizi açıq mətnlə söyləyin və bunu ifadə edin və ondan sonra sənədlərdə göstərin" kimi fikirləri də dilə gətirirdi. İndiki halda hesab edirəm ki, bu görüşlər öz-özlüyündə, bəlkə dövlət rəhbərlərinin də ən yaxın zamanlarda, bəlkə Zəngəzurda, bəlkə Göyçə mahalında, yəni əhali yaşayan aktiv zonaları deyil də, bir qədər neytral görünən, amma təhlükəsizlik tədbirlərinin həyata keçirildiyi ərazilərdə də görüşlər mümkün ola bilər deyə düşünürəm".

Millət vəkili hesab edir ki, delimitasiya və demarkasiya komissiyasının görüşünün baş tutması prosesdə müəyyən bir qarşılıqlı etimad mühitini dərinləşdirə bilər və yaxın zamanda kommunikasiyaların açılması üzrə görüşlər gerçəkləşər:

"Davamınca xarici siyasi dairələr bunu həyata keçirə bilərlər. Yəni nazirlərin dediyimiz ərazilərdə görüşü reallaşar. Mən bunu çox arzulayıram. Bir il öncə parlament tribunasından səsləndirmişdim ki, biz sülh müqaviləsi imzalanandan sonra kənarda olan digər düşmən dairələrin simasını daha açıq görəcəyik. Yəni onların canfəşanlığı ən ucqarda dayanan, siyasətdən uzaq insanlara da göstərəcək ki, onların niyyəti nədən ibarət olub. Ona görə də mən çox arzulayıram ki, Zəngəzurda bu dövlət rəhbərlərinin görüşü gerçəkləşsin. Real olaraq istədiyimiz ondan ibarətdir ki, ərazilər açılsın, bölgə işləsin, kommunikasiyalar aktiv bir şəkildə çalışsın. Hesab edirəm ki, bugünkü görüşün iki müsbət nəticəsi ona da böyük inam verir ki, deyilənlər reallaşa bilər".

Humay İSGƏNDƏRLİ