“Azərbaycan sülh sazişinin imzalanması üzrə danışıqları davam etdirməyə hazırdır”

 12:18 01.12.2023     147

“Azərbaycan sülh sazişinin imzalanması üzrə danışıqları davam etdirməyə hazırdır”.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Almaniya Federativ Respublikası Bundestaqının sədri Barbel Bas ilə görüşü zamanı deyib.

Bundestaqın sədrinə regionda mövcud vəziyyət, Ermənistanın Azərbaycan torpaqlarını 30 illik işğalının doğurduğu nəticələr barədə geniş məlumat verən spiker Sahibə Qafarova deyib ki, Azərbaycan öz ərazilərini Ermənistanın işğalından azad etdikdən sonra irimiqyaslı yenidənqurma və bərpa işlərinə başlayıb. Milli Məclisin sədri görülən işlərdə ən böyük maneənin Ermənistan tərəfindən işğal illərində və ondan sonrakı dövrdə Azərbaycan torpaqlarında basdırdığı 1 milyondan artıq minanın olduğunu vurğulayaraq, qeyd edib ki, son 3 ildə 340-dan çox azərbaycanlı mina partlayışının qurbanı olub. Azərbaycanın minalarla ən çox çirkləndirilmiş ölkələrdən biri olduğunu nəzərə alaraq, ölkəmizin minatəmizləmə səylərinə beynəlxalq dəstəyin əhəmiyyəti qeyd olunub.

Məhz Azərbaycanın regionda uzunmüddətli sülhün əldə olunması təşəbbüsü ilə çıxış etdiyini, Ermənistanla bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında sülh sazişi imzalamaq üçün beş əsas prinsipi təqdim etdiyini diqqətə çatdıran Sahibə Qafarovanın sözlərinə görə, Ermənistanın siyasi və hərbi təxribatları, son 3 ildə üzərinə götürdüyü öhdəliklərə əməl etməməsi, ərazilərimizdə yaradılmış qanunsuz separatçı rejimə davamlı dəstəyi Azərbaycanın Qarabağ bölgəsində antiterror tədbirlərinin keçirilməsini qaçılmaz edib.  Bu tədbirlər mülki şəxslər arasında heç bir itki olmadan beynəlxalq hüquqa tam uyğun idi. Bu tədbirlər nəticəsində separatçı rejim özünü ləğv etdi və Azərbaycan öz suverenliyini bərpa etdi. Spiker xüsusilə vurğulayıb ki, heç bir ölkə öz ərazisində separatçı bir qurumun mövcudluğunu qəbul edə bilməz.

O, qeyd edib ki, bu gün artıq Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına heç bir maneə yoxdur. Azərbaycan sülh sazişinin imzalanması üzrə danışıqları davam etdirməyə hazırdır. Azərbaycan xalqının sülhü dəstəkləməsinin və sülh istəməsinin bariz göstəricisidir ki, xalqımız 30 il problemin sülh danışıqları ilə həll olunmasını gözləyib.

Sahibə Qafarova bir daha diqqətə çatdırıb ki, Azərbaycan hər iki ölkənin ərazi bütövlüyünün və suverenliyinin tanınması əsasında sülhə hazırdır.