"Bu cür ittihamlar həmin dövlətə və siyasətçiyə başucalığı gətirmir" - Mirzoyana CAVAB

 15:37 01.12.2023     479

"Ermənistan tərəfinin tez-tez fikir dəyişdirməsi bizi də, beynəlxalq ictimaiyyəti də çaşdırır".

Bunu Redaktor.az-a Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Skopyedə keçirilən toplantıda çıxışı zamanı növbəti dəfə Bakını ittiham etməsi haqqında danışan politoloq Samir Hümbətov söyləyib.

Politoloq dedi ki, sülh müqaviləsi Ermənistanın düşündüyü qədər asan məsələ deyil:

"Sülh müqaviləsi bağlanırsa, o zaman tərəflər arasında zərrə qədər olsun problem qalmamalıdır. Çünki sülh müqaviləsi imzalanır və tərəflər üzərlərinə öhdəlik götürürlər ki, bu müqavilənin bəndlərinə uyğun olaraq biz bütün nəzərdə tutulan məsələləri həyata keçirəcəyik və buna təminat verirlər. Azərbaycan o sənədi təqdim edib, 70 gün cavab verməyiblər. 70 gündən sonra qaytarıblar. Həmin sənəddə guya bəzi məsələlər razılaşmayıblar, bəziləri ilə razılaşıblar. Təzədən guya təklif göndəriblər. İndi deyirlər ki, Azərbaycan razı deyil. Bu cür ittihamlar həmin dövlətə və siyasətçiyə başucalığı gətirmir. Onlar bunu anlaya bilmirlər. Bizdə bir fikir var. Biz sülh müqaviləsi imzalamağa razıyıq. Tərəflər məsələləri razılaşdırsınlar, müqaviləni imzalayaq. Amma onlarda hər dəfə bir dövlət rəsmisi müxtəlif açıqlamalar verir. O zaman bizə də, dünyaya da  açıq şəkildə sülh danışıqları prosesini pozan tərəfin kim olduğu aydın olur. İndi ola bilsin ki, beynəlxalq ictimaiyyəti manipulyasiya etmək üçün, demək istəyirlər ki, biz razıyıq, amma Azərbaycan razı deyil. Reallıq budur ki, biz ortaya mövqe qoymuşuq və sənəd göndərmişik. O sənədi bu günə qədər gecikdirirlər. Hər dəfə bir fikir söyləməklə, özlərini də dünya ictimaiyyətinin gözündən salırlar".

Humay İSGƏNDƏRLİ