"Bizdə vəziyyət daha mürəkkəbdir" - Tofiq Zülfüqarov

 16:21 01.12.2023     579

Bildiyimiz kimi, ötən gün Azərbaycan və Ermənistan Respublikaları arasında Qazax-İcevan sərhədində delimitasiya  və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın beşinci görüşü keçirilib.

Görüşdə tərəflər sərhədlərin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırılması üzrə işin başlanılması barədə sövdələşiblər, həmçinin bu kimi görüşlərinin keçirilməsinin intensivləşdirilməsinə dair razılığa gəliblər. 

Görüşü uğurlu hesab etmək olarmı? Delimitasiya və demarkasiya məsələləri yaxın zamanda yekunlaşa bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a danışan keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov dedi ki, bu uzunmüddətli bir məsələdir.

"Delimitasiya, demarkasiya mövzusu illərlə çəkir. Amma bizdə vəziyyət daha mürəkkəbdir. Çünki əsas xəttin müəyyən olunması hələ də tamamlanmayıb. Sərhədə aid hələ də razılıq əldə olunmayıb. Ona görə indiki mərhələdə baş verən görüşdə təşkilati məsələlər, işin təşkili barəsində hansısa razılıqlar əldə olunub. İşin özü hələ çox vaxt aparacaq, nəinki bu ilin axırında, gələn ilin sonunda bəlkə prosesin tamamlanmasını gözləyirəm".

Humay İSGƏNDƏRLİ